Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 66-cı Sessiyasında çıxışı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 66-cı Sessiyasında çıxışı
Nyu-York, 23 sentyabr 2011-ci il
Cənab Sədr,
Cənab Baş katib,
Zati-aliləri, xanımlar və cənablar,
İlk öncə cənab Sədr, Sizə və İƏT-in Baş katibi Professor Ekmaləddin İhsanoğluna İƏT xarici işlər nazirlərinin bu illik əlaqələndirmə görüşünün təşkilinə görə təşəkkür edirəm.
Mən, eyni zamanda, Qazaxstan Respublikasına Astanada İƏT xarici işlər nazirlərinin 38-ci Sessiyasına uğurla ev sahibliyi etdiyinə və Nyu Yorkda İƏT Qrupuna rəhbərliyi qəbul etdiyinə görə təşəkkür edirəm. Mən Sizi əmin edirəm ki, fəaliyyətinizə yardımçı olmaq istiqamətində mənim ölkəm tam şəkildə əməkdaşlıq edəcəkdir.
Hörmətli həmkarlar,
Biz tarixi əhəmiyyəti sosial, mədəni və siyasi proseslərdə baş verən ziddiyətlərlə xarakterizə olunan bir zamanda yaşayırıq. Analitik mühakimə bəzən proseslərin dinamikasından geridə qalır.
Qloballaşan dünyamız sürətlə dəyişir. Bunun davamı olaraq, dünya nizamı və beynəlxalq münasibətlər sistemi də dəyişir. Bu günlərdə dünyanın müxtəlif regionlarında baş vermiş siyasi hadisələr istənilən regionun geosiyasi vəziyyətini dəyişməyə qadirdir. Bu hadisələr elə bir sürətlə baş verir ki, güclü ölkələr də buna mane ola bilmir və bu, qloballaşmanın özüdür.
Tarixən İslam bəşəriyyətin zəngin mədəniyyətini və nəcib məqsədlərini daşımış və yaymışdır. Orta əsrlərdə Avropa Şərqin dəyərlərindən faydalanmış və bu faktor sayəsində müxtəlif sahələrdə tərəqqi əldə etmişdir. İslam dünyada sülh və tolerantlığa sadiq qalaraq, inanclarından asılı olmayaraq, bütün xalqların bir-birinə uyğunlaşması və rifahına böyük tövhə vermişdir. Buna baxmayaraq, günümüzdə İslam Ümməti çoxsaylı çağırış və təhlükələrlə üzləşir.
Günümüzdə dünyada bir sıra münaqişələr mövcuddur, təəssüf ki, onların əksəriyyəti İslam Ümmətində baş verir və bu münaqişələr zərər çəkmiş regionların təkcə geosiyasi və geoiqtisadi inkişafına deyil, eyni zamanda, bu regionların demokratik inkişafına da mane olur.
Geosiyasi proseslərə çox həssas olan bir sıra regionlar mövcuddur. Yaxın və Orta Şərq regionunda baş verən sonuncu siyasi proseslər beynəlxalq ictimaiyyətə sülh və stabilliyin necə kövrək olduğunu nümayiş etdirdi.
Bir sıra qardaş müsəlman ölkələrində baş verən demokratikləşmə prosesləri xalqların demokratik cəmiyyətlərdə yaşamaq istəyi və iradələrini bir daha vurğuladı. Şübhəsiz ki, sabitliyə və rifaha aparan yol demokratiyadan keçir və Azərbaycan bu haqq işinin güclü müdafiəçisi olaraq qalır.
Azərbaycan bütün üzv ölkələri İslam dünyasında baş verən münaqişələrin həlli istiqamətində göstərilən səyləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq davam etdirməyə təşviq edir.
Bizim Fələstindəki vəziyyətlə bağlı narahatlığımız davam edir. Azərbaycan qardaş Fələstin xalqına sülh və sabitliyə nail olunması, paytaxtı Şərqi Qüds olmaqla, suveren və müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində atdığı addımları dəsətləklədiyini bir daha bəyan edir və Fələstinin BMT-nin tam hüquqlu üzv olmaq istəyini tam dəstəkləyir. Biz İƏT-in Baş katibi və onun işçi heyətinin Təşkilatın möhkəmləndirilməsi və Fələstin xalqına lazım olan yardımın təmin edilməsi istiqamətində gördükləri işi yüksək qiymətləndiririk.
Cənab Sədr,
Biz qardaş Somalidəki humanitar vəziyyətlə bağlı narahatıq. Dəhşətli aclıq və quraqlığın ölkə ərazisinin böyük hissəsini əhatə etməsi nəticəsində on minlərlə insan həyatını itirmiş və yüz minlərlə Somali vətəndaşı kütləvi şəkildə qonşu ölkələrə köçmüşdür. BMT-nin sonuncu hesabatlarına əsasən 12 mln. insan hələ də böhran içərisindədir və 750 min insan ölüm riski ilə üz-üzədir. Bu, bəşəriyyətin son 100 ildə üzləşdiyi və presedenti olmayan bir faciədir və bütün ölkələr bu fəlakətin acı nəticələrinin aradan qaldırılması üçün tövhələr verməkdədir.
Bununla əlaqədar olaraq, biz, İƏT-in və müsəlman ölkələrin Somalidəki humanitar fəlakətin qarşısının alınması üçün zəruri olan yardımın təmin edilməsi istiqamətində tam potensialını reallaşdırmalıyıq. Azərbaycan bu qardaş ölkəyə artıq humanitar yardım göstərmişdir. Son illərdə Azərbaycan bir sıra İƏT ölkələrinə humanitar yardım proqramları sahəsində həm İƏT, həm də BMT çərçivəsində aktiv iştirakını davam etdirmişdir və biz bundan sonra da bu səylərimizi davam etdirəcəyik.
Qlobal çağırışlar qlobal reaksiyaların verilməsini tələb edir. BMT bu çağırışlara reaksiya verilməsi üçün ən uyğun təşkilatdır. Bunun ən effektiv yolu BMT-nin öz mandatını yerinə yetirməsi, eyni zamanda, ənənəvi və yeni meydana gələn risk və təhlükələrin öhdəsindən gəlməsi üçün bu təşkilatda islahatlar apararaq, onu gücləndirməkdir. Beynəlxalq iqtisadi nizamda bu qloballaşmış, bir-birindən asılı və bağlı olan dünyanın meydana çıxardığı çağırışlara cavab vermək və bizim ölkələrdəki milyonlarla insana təsir edə biləcək böhranları aradan qaldırmaq üçün islahat aparılması vacibdir.
BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatlar aparılması bütün üzv ölkələri ciddi narahat edən bir məsələdir. İƏT-in BMT TŞ-da təmsil olunmaq və müsəlman ölkələrin maraqlarını müdafiə etmək üçün legitim tələb irəli sürməyə haqqı vardır. Biz TŞ-nın üzv ölkələr üçün daha təmsilçi, demokratik, effektiv, şəffaf və məsul bir quruma çevrilməsi üçün hərtərəfli islahatların aparılmasını dəstəkləyirik.
Bununla əlaqədar olaraq, mən hörmətli həmkarlarımı məlumatlandırıram ki, Azərbaycan BMT Baş Assambleyasının 66-cı Sessiyası zamanı keçiriləcək seçkilərdə 2012-2013-cü illər üçün BMT TŞ-nın qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürmüşdür. İƏT-in TŞ-da təmsilçiliyinin olması zərurətindən çıxış edərək, üzv ölkələrin Azərbaycana davamlı dəstəyinə güvənirik.
Zati-aliləri, xanımlar və cənablar,
Mən bir daha İslam Ümmətinə və İƏT-in Baş katibinə Azərbaycan ərazilərinin 20%-nin hələ də işğal altında qalması, bir milyona yaxın insanın doğma torpaqlarından etnik təmizlənməyə məruz qalması və Azərbaycanın, o cümlədən İslam irsinə də aid olan minlərlə mədəni və tarixi abidəsinin viran və qarət edilməsi ilə nəticələnmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini müdafiə etdiyi üçün Azərbaycan tərəfinin səmimi minnətdarlığını bildirirəm.
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İƏT tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, eyni zamanda, İƏT-ə üzv ölkələrin dəstəyi beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Baş Assambleyasının və TŞ-nın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mövqeyinin formalaşmasında mühüm rol oynamışdır.
Azərbaycan Hökuməti bu uzun sürən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT TŞ və İƏT qətnamələrinin yerinə yetirilməsi, eyni zamanda, ATƏT, AŞ və Avropa Parlamenti tərəfindən qəbul edilmiş müvafiq sənədlər və qərarlar əsasında sülh yolu ilə həllinə sadiq qalır.
Cənab Sədr,
Yekun olaraq, Baş Assambleyaya ən xoş arzularımızı bildirirəm və uğurlu fəaliyyət arzulayıram. İƏT-in Baş katibi Professor Ekmaləddin İhsanoğluna İslam Ümməti naminə gördüyü işlərə görə səmimi təşəkkürlərimi bildirirəm.
Təşəkkür edirəm.