Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirində çıxışı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirində çıxışı
Belqrad, 6 sentyabr 2011-ci il
Cənab Sədr,
Xanımlar və cənablar,
İlk öncə Serbiya Hökumətinə Qoşulmama Hərəkatının dünyaya göz açdığı yerlərdən biri olan Belqrad şəhərinə gəldiyimiz andan bəri mənə və nümayəndə həyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.
Bu il biz Qoşulmama Hərəkatının yaradılmasının 50 illiyini qeyd edirik və qeyd olunmalıdır ki, Qoşulmama Hərəkatı bu gün də yarandığı gün olduğu qədər əhəmiyyətlidir. Soyuq müharibənin bitməsi qoşulmama xətti tutan ölkələrin siyasi koordinasiyası üçün mexanizm olan Qoşulmama Hərəkatının rolunu zəiflətməmişdir.
Bu yaxınlarda Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikası Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlılığını bəyan etmişdir.
Qoşulmama Hərəkatının daha yaxşı və dinc dünyanın yaradılması uğrunda 1955-ci ildə qəbul etdiyi “On Bandunq Prinsipi” bütün ölkələri suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət etməyə, eyni zamanda, hər hansı bir ölkənin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zorakılıqdan və təhlükə törətməkdən çəkinməyə səsləyir.
Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan hələ də qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir və torpaqlarımızın 20 %-i hələ də işğal altındadır. Təqribən bir milyon qaçqın və məcburi köçkün həmin torpaqlardan etnik təmizlənməyə məruz qalmışdır. Təəssüf ki, BMT TŞ-nın münaqişə ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaqdan imtina edir və bununla da regionda davamlı sülh və stabilliyin bərqərar olmasına mane olur.
Azərbaycan Qoşulmama Hərəkatının bir çox üzvlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı tutduqları prinsipial mövqeyi yüksək qiymətləndirir. Torpaqlarımızın işğalına son verilməsi istiqamətində göstərdiyimiz səylər və tutduğumuz mövqe ilə bağlı sizin ortaya qoyduğunuz həmrəyliyin davamlı olacağına ümid edirik.
Cənab Sədr,
Azərbaycan Respublikası Qoşulmama Hərəkatının Fələstinlə bağlı tutduğu mövqeyə bağlılığını bir daha vurğulayır və Fələstin xalqı və rəhbərliyi ilə davamlı həmrəy olduğunu bir daha təkrar edir. Biz inanırıq ki, uzun müddətdir davam edən bu məlum məsələdə nailiyyət əldə olunması vaxtı yetişmişdir.
Azərbaycan BMT sistemi daxilində razılaşdırılmış inkişaf məqsədlərinin və vəzifələrinin həyata keçirilməsinə tövhəsini vermək niyyətindədir. Azərbaycan davamlı inkişaf və qlobal çiçəklənməyə, yoxsulluğun aradan qaldırılmasına və davamlı iqtisadi inkişafa tam dəstək göstərir və cəhdlər edir, xüsusən də inkişaf etməkdə olan və az inkişaf etmiş, həmçinin təbii fəlakətlərdən sonra dirçələn ölkələrin ehtiyac və zəifliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Son illər ərzində Azərbaycan ehtiyacı olan bir neçə ölkəyə hərtərəfli texniki və humanitar yardımlar göstərmiş və onların milli inkişaf siyasətlərinin və strategiyalarının həyata keçirilməsinə kömək etmişdir.
Beynəlxalq sülhün, təhlükəsizliyin, stabilliyin, və inkişafın qorunub saxlanmasına daha da köməklik göstərmək arzusunda olan Azərbaycan 2012-2013 illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün öz namizədliyini irəli sürmüşdür. Seçkilər 13 oktyabr 2011-ci il tarixində BMT Baş Assambleyasının 66-ci sessiyası zamanı keçiriləcəkdir.
2012-ci ildə Azərbaycanın BMT-yə üzvlüyünün 20-ci ildönümü qeyd ediləcəkdir, lakin buna baxmayaraq, digər Şərqi Avropa ölkələrinin namizədlərindən fərqli olaraq, Azərbaycan heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmaq imkanını əldə etməmişdir.
Bizim regional qrupdan olan namizədlər arasında Azərbaycan Qoşulmama Hərəkatına tam üzv olan yeganə ölkədir. Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsi kiçik inkişaf etməkdə olan ölkələrin aşağı səviyyəli təmsilçiliyinə yeni görünüş verəcək və Təhlükəsizlik Şurasına daha çox balanslaşdırılmış üzvlük anlayışını gətirəcəkdir. Sizi əmin edirəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın BMT-nin nüfuzlu alt-qurumu olan Təhlükəsizlik Şurasına üzvlüyü sayəsində daha güclü təmsilçilikdən faydalanacaqdır.
Sağ olun.