news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 sentyabr 2016

Səfir Məmməd Əhmədzadə etimadnaməsini San Marinonun kapitan- regentlərinə təqdim edib

9 sentyabr 2016-cı il tarixində Azərbaycanın İtaliyada, o cümlədən San Marino Respublikasında akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin kapitan-regentləri Can Nikola Berti və Massimo Andrea Uqoliniyə təqdim edib.

Təqdimetmə mərasimini çıxış nitqi ilə açan San Marino xarici işlər naziri Paskal Valentini iki ölkə arasındakı əlaqələrdə son dövrdə müşahidə olunan intensivliyi qeyd edərək, 2015-ci ildə San Marino kapitan-regentlərinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə ölkəmizə səfərinin, habelə özünün də səfərinin münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Səfir M.Əhmədzadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını kapitan-regentlərə çatdıraraq, ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra daha da inkişafı üçün çalışacağını bildirib.

Kapitan-regentlər C.N.Berti və M.A.Uqolini, öz növbələrində, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib və növbəti müddətdə ölkələr arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiyini qeyd ediblər.

Səfir M.Əhmədzadə San Marinoya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Paskal Valentini, sənaye və ticarət naziri Marko Arzilli, parlamentin bir qrup üzvləri və Ticarət Palatasının nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti