No:669/23, Xarici işlər naziri Ceyhun Bayramovun GUAM-ın Baş katibi Altay Əfəndiyev ilə görüşünə dair mətbuat məlumatı
21 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Baş katibi Altay Əfəndiyev ilə görüşüb.
Görüşdə tərəflər arasında GUAM çərçivəsində üzv dövlətlər arasında mövcud və gələcək əməkdaşlıq imkanları, gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb, təsisçi üzv dövlət olaraq ölkəmizin GUAM çərçivəsində fəal əməkdaşlığı təqdir edilib.
Üzv dövlətlər arasında GUAM-ın əsas məqsədləri olan iqtisadi inkişaf, təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində fəal əməkdaşlıqdan məmnunluq ifadə edilib, müxtəlif layihələr və proqramlar çərçivəsində qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə ümidvarlıq ifadə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin GUAM çərçivəsində ticarət, nəqliyyat, gömrük, enerji, turizm, texnologiyalar və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əsasında fəaliyyətə xüsusi önəm verdiyini, qeyd olunan sahələr üzrə layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğu bildirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.