No:668/23, Nazir Ceyhun Bayramovun Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşünə dair mətbuat məlumatı
21 noyabr 2023-cü il tarixində nazir Ceyhun Bayramov Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Qətər əməkdaşlığının qarşılıqlı hörmət, dəstək və əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb.
İki ölkə arasında mövcud olan yaxın dostluq və qardaşlıq münasibətlərinin, sıx təmasların siyasi dialoqumuzun əsasını təşkil etdiyi vurğulanıb.
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi son 30 il ərzində Qətərin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə verdiyi davamlı dəstəyə görə təşəkkür ifadə olunub.
İqtisadiyyat, infrastruktur, ticarət, turizm, təhsil, mədəniyyət, media və humanitar mübadilə sahələri üzrə Azərbaycan-Qətər əməkdaşlığı və tərəfdaşlığı üçün böyük potensial və perspektivlərin mövcud olduğu bildirilib.
Azərbaycan-Qətər münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab qəbula və ünvanına deyilən sözlərə görə təşəkkürünü bildirib, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldığını diqqətə çatdırıb, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.