No:494/22, Nazir Ceyhun Bayramovun Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə görüşünə dair mətbuat məlumatı

25 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Cənubi Afrika Respublikasının (CAR) beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə görüşüb.

 

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, regionda və dünyada baş verən hadisələr, mövcud çağırışlarla mübarizədə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov, Azərbaycan və CAR-ın coğrafi cəhətdən bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında bir sıra, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib, münasibətlərin daha da inkişafı üçün səy göstərilməsinin vacibliyini diqqətə çatdırıb. İkitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda, Azərbaycan tərəfindən QH çərçivəsində irəli sürülən təşəbbüslərə göstərilən davamlı dəstəyə görə təşəkkür ifadə edilib. Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi nəticəsində bölgədə yaranan yeni reallıqlar, Azərbaycanın sülh səyləri, habelə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırıb.

 

Nazir müavini Alvin Botes, 24 oktyabr 2022-ci il tarixində Bakıda Azərbaycan və CAR Xarici İşlər Nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr haqqında ətraflı məlumat verib. Azərbaycanın çox çətin bir dövrdə QH-nın sədri qismində Hərəkatın rolunun artırılması üçün fəaliyyət göstərdiyini qeyd edən qarşı tərəf, xüsusilə pandemiya dövründə inkişaf etməkdə olan ölkələrə, o cümlədən Afrika qitəsində yerləşən dövlətlərə göstərilən yardımları minnətdarlıqla xatırlayıb. Alvin Botes CAR-ın Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirib. Bu xüsusda, iqtisadi əlaqələrin inkişafı üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Nazir müavini Alvin Botes, mövcud çağırışlar və təhdidlər ilə mübarizədə beynəlxalq təşkilatların faəliyyətinin səmərəliliyin artırılması üçün birgə fəaliyyətin, o cümlədən Cənub-Cənub əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.

 

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

Qeyd edək ki, 24 oktyabr 2022-ci il tarixində Azərbaycan və CAR Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, CAR tərəfindən isə beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Alvin Botes başçılıq edib. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti