No:476/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının açılış mərasiminə dair məlumatı

10 oktyabr 2022-ci il tarixində ADA Universitetində diplomatik xidmət orqanlarında əmək fəaliyyətinə başlayan gənc diplomatlar üçün Xarici Siyasət Proqramının açılış mərasimi baş tutub.

 

Tədbirdə salamlama nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, əmək fəaliyyətinə başlayan gənc diplomatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

 

Daha sonra çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, diplomatik xidmətə qəbul imtahanını müvəffəqiyyətlə keçən iştirakçılara öz təbriklərini çatdırıb. Dəyişən beynəlxalq münasibətlər konyukturasında ölkəmizin xarici siyasətinin uğurla icra edilməsində diplomatların üzərinə böyük yük düşdüyünü bildirən nazir müavini, bu xüsusda hər zaman Azərbaycanın milli maraqlarının üstün tutulmasının vacibliyini qeyd edib. Azərbaycanın müstəqillik tarixi, xarici siyasəti haqqında məlumatları diqqətə çatdıran nazir müavini, 44 günlük Vətən müharibəsindən sonra münaqişənin bitməsinə baxmayaraq bölgədə sülh və təhlükəsizliyə təhdid və təhlükələrin mövcud olduğunu bildirib. Bu xüsusda, nazir müavini, mövcud çağırışlara cavab vermək qabiliyyətində olmaq üçün gənc diplomatlara bundan sonra da öz bilik və bacarıqlarını artırmağı və bunun üçün keçirilən təlimlərdə aktiv iştirak etməyi tövsiyə edib.

 

Açılış mərasimində həmçinin ADA Universitetinin İxtisasartırma Proqramlarının direktoru Nərgiz İsmayılova proqramın modulları və modulları təqdim edəcək təlimçilər ilə bağlı təqdimatla çıxış edib.

 

Daha sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov, şöbə müdiri Günay Rəhimova və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva çıxış edərək proqram haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, onlara uğurlar arzu ediblər.

 

Sonra proqram iştirakçıları çıxış edərək proqram haqqında gözlənti və təkliflərini diqqətə çatdırıb, habelə proqram təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti