No:438/24, Nazir Ceyhun Bayramovun Kolumbiya Respublikasının xarici işlər naziri Luis Gilberto Muriyo ilə görüşünə dair mətbuat məlumatı
12 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri Luis Gilberto Muriyo ilə görüşüb.
Görüşdə, Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq perspektivləri, ölkəmizin COP29 sədrliyi, mövcud təşəbbüs və prioritetlər müzakirə olunub.
Azərbaycan və Kolumbiya arasında ikitərəfli, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli müstəvidə əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırıb.
İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirilməsi və müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.
Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, sədrlik prosesimizin bir çox ölkələr, o cümlədən Kolumbiya ilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarımızı genişləndirdiyini qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.