No:373/24, Azərbaycan Respublikası və Almaniya Federativ Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair mətbuat məlumatı

25 sentyabr 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
 
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya Federativ Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Konrad Arz von Strausenburg rəhbərlik edib.
 
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, o cümlədən energetika və nəqliyyat, habelə humanitar, xüsusilə təhsil və səhiyyə sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də müqavilə-hüquq bazanın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
 
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirələrdə diqqət mərkəzində olub. Bu xüsusda 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.
 
Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
 
Siyasi məsləhətləşmələr zamanı birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti