No:362/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında çıxışı
Qeyri-rəsmi tərcümə
Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında çıxışı
Doha, 3 Noyabr 2019-cu il
As-salamu Aleykum va rahmatullahi va barakatuh
Hörmətli cənab Sədr,
Zati-aliləri, xanımlar və cənablar,
İlk öncə, görüşümüzün mükəmməl təşkili üçün iclasın Sədrinə və Əlaqə Qrupunun müzakirəsinin yüksək səviyyədə təşkilinə görə Qətər Dövlətinə minnətdarlığımı bildirirəm.
Hörmətli həmkarlar,
Kövrək bir dövlət olaraq Somali, bütün sahələrdə, xüsusən də potensialın artırılması, dövlət və təsisatların qurulması, məşğulluğun yaradılması, yoxsulluğun azaldılması, sosial-iqtisadi inkişaf, milli barışıq, həmçinin ölkə və bölgə üçün təhlükə yaradan zorakı ekstremizmə və terrorizmə qarşı mübarizədə kütləvi yardıma ehtiyac duyur. Somalidə təhlükəsizliyin gələcəyinə nail olmaq üçün idarəetmə və idarəetmə qurumları çox diqqətli və bir yerdə olmalıdırlar, həmçinin lazımsız yayındırmaların qarşısını almalıdırlar.
Azərbaycan, sülh və dövlət quruculuğu prosesi, həmçinin ölkənin sabitliyinin təmin olunmasını diqqət mərkəzində saxlayaraq, Somali ilə tam həmrəyliyini bir daha bəyan edir, Somali Federal Hökumətinə tam dəstəyimizi bildiririk. Əl-Şəbaab döyüşçülərinin qalıqları tərəfindən törədilən bütün terror aktlarını və zorakı ekstremizmi qətiyyətlə pisləyirik və onları sülh və barışıq prosesinə qoşularaq ağıl səsini dinləməyə və zorakılıqdan imtina etməyə çağırırıq.
Cənab Sədr,
Somalidə prezident Məhəmməd Abdullahi Məhəmməd seçildiyi vaxtdan etibarən, Somalilər arasında barışıq, sabitlik, təhlükəsizlik, iqtisadi artım və firavanlıq əldə edilməsində və bütün qadınlar, kişilər və gənclər üçün əlverişli təmsilçiliyin təmin edilməsində tərəqqini təqdir edirik.
Somali Federal Hökumətinə çətinliklərin öhdəsindən gəlmək, barışıq əldə etmək və etibarlı, sabit, birləşmiş, demokratik və firavan bir dövlət qurmaq səylərində dəstəyimizi bildirmək istərdim.
Somalidə sülh və milli barışığın əldə edilməsinə və bu ölkədəki humanitar böhrandan əziyyət çəkən insanların təcili ehtiyacları üçün yardımın səfərbər edilməsinə İslam Əməkdaşlıq Təşkilatı və butəşkilata üzv ölkələrin verdiyi töhfələri və səylərini təqdir etmək istərdim.
Əziz dostlar,
Beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləyərkən, Azərbaycan hələ də Ermənistanın davamlı hərbi təcavüzü ilə üzləşir, bu təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı ilə nəticələnib. Nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, çoxsaylı tarixi, mədəniyyət və dini abidələrimiz məhv edilib. Münaqişənin ilk günlərindən bəri döyüş əməliyyatları mülki əhaliyə və infrastruktura təsir göstərərək, yalnız Azərbaycan ərazisi daxilində, demək olar ki, ölkənin ortasında aparılıb.
Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir və ölkəmin davamlı inkişaf üçün bütün potensialından istifadə səylərini sarsıdır.
Cənab Sədr,
Somalidə humanitar vəziyyətin pisləşməkdə davam etməsindən ciddi narahatıq. İqlim dəyişikliyi Somalidə tez-tez quraqlığa səbəb olur, insanları demək olar ki, hər iki ildən bir evlərini tərk etməyə məcbur edir. Azərbaycan müvafiq hökumətlərin və beynəlxalq təşkilatların, Afrikanın Buynuzundakı, o cümlədən bölgənin ən çox zərər çəkmiş ölkəsi olan Somalidəki humanitar böhranın aradan qaldırılmasına yönəlmiş müraciətlərinə cavab verib. 2012-ci ildə Azərbaycanın paytaxtında yerləşən İKT ilə əlaqəli bir qurum olan İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya Regional Mərkəzi Azərbaycan hökumətinin dəstəyi ilə Somalidəki quraqlıq qurbanlarının 1 aylıq ərzaq təhlükəsizliyinin təmin olunması ilə nəticələnən xeyriyyə aksiyasını təşkil etmişdir. Azərbaycanın ADA Universiteti dövlət quruculuğunun möhkəmləndirilməsi üçün vacib olan sahələrdə gənc Somali mütəxəssisləri üçün tam əhatə olunmuş təhsil təqaüdü verir. Beynəlxalq ictimaiyyətin Somaliyə dəstəyini davam etdirməsi vacibdir. Eyni zamanda, bütün tərəflər maneəsiz humanitar girişə icazə verməli və yerli əhalinin və onlara kömək edənlərin təhlükəsizliyini təhdid edən hərəkətlərdən çəkinməlidirlər. Somalidəki qaçqın və məcburi köçkünlər üçün uzunmüddətli həll yollarının tapılması səylərinin artırılmasına ehtiyac var. Azərbaycan Somalidə və bölgənin digər ölkələrində ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır.
İclas zamanı hamımıza səmərəli müzakirələr diləyirəm və diqqətinizə görə təşəkkür edirəm.