No:359/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşünə dair məlumatı
25 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.
Görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu bildirdilər.
Tərəflər Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın uğurla inkişaf etdiyini qeyd etdilər.
Həmçinin Qoşulmama Hərəkatının Belqradda keçiriləcək 60 illik yubiley tədbirinə hazırlıq məsələləri ətrafında müzakirələr aparıldı.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.