news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 dekabr 2018

No:333/18, Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai səmimi qəbula görə təşəkkürünü bildirərək, BMT-nin inkişaf sistemində aparılan islahatlar haqqında ətraflı məlumat verdi və bu xüsusda, 3 istiqamətdə - katiblik, sülhməramlılıq departamenti və inkişaf sistemində islahatların həyata keçirildiyini qeyd etdi.

Q.İsakzai BMT Baş Assambleyasının 2018-ci ilin may ayında yekdilliklə qəbul etdiyi qətnaməyə əsaslanan Birləşmiş Millətlər inkişaf sisteminin islahatlarının ilk növbədə effektivliyin artırılmasına yönəldiyini söylədi və islahatlar prosesinin dəstəklənməsi üçün xüsusi Etimad Fondunun yaradıldığını vurğuladı.

Tərəflər BMT və Azərbaycan arasında sonuncu dəfə 2016-cı ildə imzalanmış Tərəfdaşlıq Çərçivə sənədinin yenilənməsi üzrə qarşıdan gələn il ərzində danışıqların başlanması üzrə fikir mübadiləsi apardılar.

Ölkəmizin BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq qurduğunu deyən nazir Elmar Məmmədyarov ölkəmizin BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti