news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 oktyabr 2019

No:329/19, Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində Nazirlərin hazırlıq görüşündə cənab Elmar Məmmədyarovun çıxışı

Qeyri-rəsmi tərcümə

Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində Nazirlərin hazırlıq görüşündə cənab Elmar Məmmədyarovun çıxışı

Bakı, 23 oktyabr 2019-cu il

 

Hörmətli nümayəndə heyətlərinin rəhbərləri,

Xanımlar və cənablar,

İlk növbədə, Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçiriləcək 18-ci Zirvə Toplantısının Nazirlərin hazırlıq görüşündə sizin hamınızı səmimiyyətlə salamlayıram.

Qoşulmama Hərəkatının üzv dövlətlərinin Bakı Sammitində iştirak etmək marağının səviyyəsi bizi olduqca ruhlandırır və bu, 18-ci Sammitin Hərəkatımızın daha bir uğur hekayəsi olacağına inam verir.

Bakı Zirvə görüşü ilə Azərbaycan Venesueladan Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürəcək. Fürsətdən istifadə edərək, Venesuela Bolivar Respublikasını Hərəkata son üç ildə uğurlu rəhbərliyinə görə təbrik edirəm və Venesuela Hökumətinin Hərəkatımızın prinsip və ideallarını tanıtdırmaqdakı dəyərli səylərinə görə dərin təşəkkürümü bildirirəm.

 

Xanımlar və cənablar,

Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Hərəkatımız siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir.

Tarix boyu Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynamışdır. Soyuq müharibənin sonu Hərəkatımızın beynəlxalq münasibətlər sistemindəki rolunu azaltmamış, əksinə artan çağırışlar fonunda əhəmiyyətini artırmışdır. Bu gün qarşımızda duran əsas vəzifə, yarandığı dövrdə olduğu kimi hələ də aktuallığını saxlayan Hərəkatın təməl prinsiplərini təbliğ etmək və dəstəkləməklə mövcud geosiyasi mənzərədəki yeni reallıqlara adekvat olması məqsədilə Hərəkatın rolunu aktivləşdirməkdən ibarət olmalıdır.

 

Xanımlar və Cənablar,

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının sonuncu iştirakçısıdır, çünki o, 2011-ci ilin may ayında Hərəkatın tamhüquqlu üzvü oldu. Cəmi 8 ildə Qoşulmama Hərəkatının tam etimadını qazanaraq ona sədrlik etmək imkanını əldə etdik. Fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatının üzv dövlətlərinin hamısına bu böyük şərəfə görə təşəkkür edirəm və Hərəkatın təməl prinsiplərinə ciddi riayət etdiyimizi bir daha təkrar edirəm.

Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi ittifaqın üzvü deyil. Eyni zamanda, biz sürətlə inkişaf edən ölkəyik, davamlı inkişafa, demokratikləşməyə, insan hüquqlarına və sosial ədalətə hörməti artırmağa xüsusi əhəmiyyət veririk.

Sədrliyimiz dövründə ən çox diqqət edəcəyimiz prioritet sahələrdən biri də gənclərin səlahiyyətlərinin artırılmasıdır. Uğurlu gənclər siyasəti cəmiyyətin davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır. Qoşulmama Hərəkatının Zirvə toplantısı və Nazirlər görüşü nəticəsində qəbul ediləck sənədlər gənclərin dövlət idarəçiliyində iştirakının artırılması, onların sosial, təhsil və məşğulluq problemlərinin həlli, habelə 2030 Davamlı İnkişaf Gündəliyinin hədəflərinə çatmaqda gənclərin daha fəal iştirakı kimi gənclər siyasətlərinin müxtəlif aspektlərinə toxundu.

Bu sənədlərdə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün əməli tədbir olaraq, Azərbaycan ilk dəfə Qoşulmama Hərəkatının Gənclər Sammitinin Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

Sabah bizim görüşümüzə paralel olaraq keçiriləcək Gənclər Zirvəsi Qoşulmama Hərəkatına üzv dövlətlərdən 40 görkəmli gənci bir araya gətirəcək. İki gün davam edən müzakirələrin nəticəsi olaraq, onlar Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 18-ci Zirvə görüşünə tövsiyələr verəcəklər. Əminik ki, Gənclər Zirvəsi nəticəsində qurulacaq, qeyri-hökumət təşəbbüsü olan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının bütün fəaliyyətinə gənclərin dəyərli dəstəyini verəcəkdir.

Qoşulmama Hərəkatına üzv dövlətlərinin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat daxilində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi son dərəcə vacibdir. Bundan əlavə, enerji təhlükəsizliyi, ətraf mühit, səhiyyə, əmək kimi sahələrdə əməkdaşlığın təşviqi və bu məqsədlə Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqlarının BMT çərçivəsində təşviqi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional iqtisadi layihələrdə və təşəbbüslərdə fəal iştirak edir və hazırda Cənub-Qərb nəqliyyat dəhlizi layihəsi üzərində işləyir. Bir çox Qoşulmama Hərəkatına üzv dövlətinin bu üç dəhliz boyunca coğrafi yerləşməsi Hərəkat üzvləri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına kömək edə bilər.

Azərbaycan dünya mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Bu sahədə zəngin və ən yaxşı təcrübəsi ilə Azərbaycan, Hərəkatımızın prioritet istiqamətlərindən olan mədəni müxtəlifliyin qorunması və təşviqi istiqamətində səylərini davam etdirməkdə qərarlıdır.

 

Xanımlar və Cənablar,

Təəssüf ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi hədə olmaqda davam edir və ölkəmin davamlı inkişaf üçün bütün potensialından istifadə səylərini sarsıdır.

Ermənistanla münaqişə Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə nəticələndi və bir milyondan çox insan məcburi köçkün və qaçqına çevrildi. Münaqişənin ilk günündən bəri döyüş əməliyyatları mülki əhaliyə və infrastruktura təsir göstərməklə yalnız Azərbaycan ərazisi daxilində, demək olar ki, ölkənin ortasında aparılıb.

Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyünə davamlı dəstəyinə görə ən dərin təşəkkürümü bildirmək istəyirəm.

 

Hörmətli tədbir iştirakçıları,

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Bandunq Prinsiplərinin 65 illiyi (2020) və Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi (2021) ilə üst-üstə düşəcəkdir. Hər iki ildönümü, Qoşulmama Hərəkatına üzv dövlətlərinin bu günə qədər əldə edilən uğurları nəzərdən keçirmələrinə yaxşı təkan verəcəkdir. Öz növbəmizdə biz, Hərəkatın təməl prinsiplərinin inkişafına töhfə vermək üçün əlimizdən gələni əsirgəməməyi öhdəmizə götürürük.

İclas zamanı hamımıza səmərəli müzakirələr arzulayıram və diqqətinizə görə təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti