No:314/18, AR Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” ilk iclası ilə bağlı şərhi
Təşkilatçılar tərəfindən Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür. Bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir. V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir. Nəhayət, “Lazerev klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir.
Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya Federasiyasındakı Səfirliyi vasitəsilə Rusiya XİN-in diqqətinə çatdırıb.