No:283/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahidin ADA Univetsitetində Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüşünə dair məlumatı

BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri cənab Abdulla Şahidin Azərbaycan Redpublikasına səfəri çərçivəsində 13 iyun 2022-ci il tarixində ADA Univetsitetində Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüşü baş tutub. 

 

ADA Universiteti və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən görüş Covid-19 pandemiyasından sonrakı dönəmdə dayanıqlı inkişafda gənclərin rolu mövzusuna həsr edilib. 

 

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin digər üzv ölkələrdəki milli bölmələrinin də onlayn formatda qoşulduğu tədbirdə açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru cənab Hafiz Paşayev BMT BA sədrini salamlayaraq onun bugünədək ADA Universitetində çıxış edən üçüncü BA sədri olmasına diqqət çəkib. Hafiz Paşayev A. Şahidin gənclərlə görüşünün məhsuldar keçəcəyindən əmin olduğunu bildirib. 

 

Daha sonra xarici işlər nazirinin müavini cənab Elnur Məmmədov çıxış edərək Azərbaycanın istər milli qisimdə, istərsə də QH-nin hazırkı sədri kimi gənclərlə bağlı təşəbbüslərindən danışıb, bu xüsusda Azərbaycanın təşəbbüsü ilə ötən ilin oktyabr ayında QH Gənclər Şəbəkəsinin yaradılmasını və 2022-ci ilin iyul ayında QH gənclərinin Bakı şəhərində ilk sammitinin keçiriləcəyini vurğulayıb. 

 

Daha öncə ölkəsinin xarici işlər naziri qismində Azərbaycanda səfərdə olmuş Abdulla Şahid ölkəmizə növbəti dəfə səfər etməkdən çox məmnun olduğunu qeyd edib. Gənclərin dayanıqlı inkişafda müstəsna rola malik olduğunu vurğulayan A. Şahid qlobal səviyyədə sülh, təhlükəsizlik, inkişaf və çoxtərəfliliyin qorunub saxlanması üçün atılmalı olan mühüm addımlardan biri kimi gənclərə dəstək məsələsinin önəmini vurğulayıb. 

 

Tədbirdə, həmçinin Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin rəhbəri Orduxan Məmmədzadə çıxış edərək Şəbəkənin təsis edilməsi və beynəlxalq fəaliyyətindən danışıb.

 

Tədbir sual - cavab sessiyası ilə davam edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti