news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 oktyabr 2018

No:265/18, Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya senatının sədri ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. 

İtaliya senatının prezidenti qismində ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Maria Elisabetta Alberti Kasellati Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd etdi.

Münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər qarşılıqlı səfər və görüşlərin keçirilməsinin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Bu xüsusda, tərəflər Azərbaycan və İtaliya arasında dostluq əlaqələrinin daha da inkişafında parlamentlərin fəaliyyətini yüksək qiymətləndirdilər. Həmçinin, tərəflər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya son səfərinin nəticələrindən məmnunluqlarını ifadə etdilər.

İtaliyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir Elmar Məmmədyarov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üzrə aparılan köklü islahatlar barədə məlumat verərək İtaliya şirkətlərinin daha da fəal surətdə qeyri-neft sektorunda təmsil olunması üçün cəlbedici imkanların olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov Cənubi Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini vurğuladı. Nazir Elmar Məmmədyarov bu layihələrin gerçəkləşməsinin iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Son illərdə İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu vurğulayan tərəflər Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyətini vurğuladı.

Həmçinin, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələr təqdir olundu.

Görüşdə elm, təhsil, mədəniyyət və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti