news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 avqust 2019

No:231/19, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhi

Avqustun 27-də Ermənistan Respublikasının Xarici İşlər naziri bu ölkə XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək, Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirdi.

Bununla əlaqədar bir daha vurğulamaq istərdik ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu gələcəkdə də belə olacaqdır. Bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir. "Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır. Dinc nizamlanma çərçivəsində konkret addımlar isə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülüb və bu ilin 9 mart tarixli son bəyanatları da daxil olmaqla həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib.

Beynəlxalq miqyasda tanınmış multikultural cəmiyyətə sahib olan, çoxlu sayda müxtəlif etnik qrupların vətəni olan Azərbaycan dövləti, bütün əzəli azərbaycanlı əhalini hal-hazırda bu ölkənin yerləşdiyi ata-baba torpaqlarından qovan və üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində ən ifrat təzahürü Xocalı faciəsi olan dəhşətli etnik təmizləmə həyata keçirən monoetnik Ermənistanla heç bir müqayisəyə gələ bilməz.

Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının hüquqları kütləvi şəkildə pozulub. Yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yerlərinə təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaqdır.

Ermənistan Xarici İşlər Nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması, Z.Mnatsakanyanın hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır.

Ermənistan artıq müəyyən etməlidir, o sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəsüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-quo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti