No:211/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşünə dair məlumatı
Nazir Ceyhun Bayramov Yaponiya nümayəndə heyətini salamlayaraq, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğuladı və Azərbaycanın Yaponiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd etdi.
Öz növbəsində, Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini çatdıraraq bu müddət ərzində Azərbaycan və Yaponiya arasında bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirdi. Nazir müavini Honda Taro enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycanın regionda Yaponiyanın mühüm tərəfdaşı olduğunu ifadə etdi.
Tərəflər, həmçinin Azərbaycan ilə Yaponiya arasında energetika, alternativ enerji, iqtisadiyyat, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi apardılar.
Ceyhun Bayramov qarşı tərəfə, Azərbaycanın azad olunmuş ərazilərindəki vəziyyət, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi, azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan geniş miqyaslı bərpa və quruculuq işləri, minaların təmizlənməsi, ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verdi. Bu xüsusda nazir, Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakını minnətdarlıqla ifadə etdi.
İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, Azərbaycanın regionda davamlı sülhün və inkişafın bərqərar olması üçün atdığı əməli addımları qeyd etdi.
Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıldı.