No:207/24, Nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşünə dair mətbuat məlumatı
4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Pakistan tərəfdaşlıq əlaqələrinin dinamikasından məmnunluq ifadə olunub, dövlət və hökumət nümayəndələrinin qarşılıqlı yüksək səviyyəli səfər və təmaslarının bu əlaqələrin inkişafına xüsusi təkan verdiyi bildirilib.
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı fonunda ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli təsisatlar çərçivəsində Pakistan ilə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə önəm verdiyi bildirilib.
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yaşıl enerji sahəsində Azərbaycan-Pakistan tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.