No:205/24, Nazir Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində iştirak və çıxışına dair mətbuat məlumatı

4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirak və çıxış edib.

 

İƏT çərçivəsində birlik və əməkdaşlığın təşviqi istiqamətində uğurlu sədrlik təcrübəsi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edən nazir Ceyhun Bayramov, İƏT sədrliyini təhvil alan Qambiyanı təbrik edərək, İslam həmrəyliyinin daha da gücləndirilməsi və irəlilədilməsi fəaliyyətində uğurlar arzulayıb.

 

Sammitin mövzusu “Daha Yaxşı Gələcək üçün Birlik və Əməkdaşlığ”a uyğun olaraq, ölkəmizin BMT və İƏT-in Nizamnamələri, habelə İslam dünyası üçün ortaq maraqlar əsasında mövcud çağırışlarla mübarizədə həmrəyliyi dəstəklədiyi diqqətə çatdırılıb. 

 

Bu kimi çağırışlardan ən təhlükəlisi olan əsassız İslamofobiya meylləri, habelə müqəddəs Qurani-Kərimin yandırılma aktları ilə mübarizədə İslam dini və mədəniyyətinin düzgün təşviqinin əhəmiyyəti qeyd olunub. 

 

Öz multikultural ənənə və təcrübəsindən irəli gələrək, ölkəmizin müxtəlif din və mədəniyyətlər arasında daha tolerant və dayanıqlı dünya quruculuğunu dəstəklədiyi bildirilib.  

 

Keçmiş işğal dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə münasibətdə İƏT-in davamlı və birmənalı mövqe göstərdiyini məmnunluqla xatırlayan nazir Ceyhun Bayramov, Azərbaycanın da İƏT-in aktiv üzvlərindən biri kimi Təşkilat çərçivəsində münaqişələrin sülh yolu ilə həlli səylərini daim dəstəklədiyini diqqətə çatdırıb. 

 

Hazırda bütün İslam dünyasını dərindən narahat edən Fələstin məsələsi ilə bağlı ölkəmizin “iki dövlət” prinsipi əsasında həll yolunun tərəfdarı olduğu, habelə münaqişənin Fələstin xalqı üçün ağır humanitar nəticələrinin aradan qaldırılması üçün davamlı dəstək göstərdiyi qeyd edilib.

 

İƏT çərçivəsində müxtəlif, o cümlədən iqtisadi inkişaf, təhsil, səhiyyə, mədəniyyət kimi sahələrdə əməkdaşlığın məmnunluq doğurduğu, habelə birgə fəaliyyət üçün digər istiqamətlər üzrə də geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Xüsusilə, ölkəmizin öz enerji portfelini genişləndirərək ənənəvi enerji mənbələrindən külək, günəş, su kimi alternativ mənbələrə keçid istiqaməti tutduğu, habelə öz strateji mövqe və infrastruktur imkanlarını bağlantılar sahəsinə yönəltdiyi bir dövrdə İƏT dövlətləri ilə bu sektorlarda əməkdaşlığın inkişafında maraqlı olduğumuz bildirilib. 

 

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə mövcud regional vəziyyət, imkanlar və çağırışlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, bu işlərə təhlükə törədən mina təhdidi, Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər barədə ətraflı məlumat verib.

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimizdən bəhs edən nazir Ceyhun Bayramov, qlobal iqlim dəyişikliyindən ən çox əziyyət çəkən regionlardan biri kimi İƏT bölgəsinin bu təhdidlə mübarizədə vahid mövqedən çıxış etməsinin və səylərin səfərbərliyinin əhəmiyyətini vurğulayıb.

 

Sonda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə ölkəmizin bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub, dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib.

 

Kommunikedə, həmçinin İƏT-in “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nun adının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”a dəyişdirildiyi əksini tapıb, Ermənistan bir daha İslam irs nümunələrinin dağıdılmasına görə qınanılıb. 

 

Keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, bu istiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub.

 

2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsini təsdiqləyən Kommunikedə, həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub.

 

Kommunike, eyni zamanda “Bakı prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti