news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 aprel 2022

No:194/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşü barədə məlumatı

25 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.

 

Görüşdə, Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə bütün istiqamətlər, o cümlədən media azadlığı sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib. Nazir, qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə aparılan işlər, qurbanları arasında jurnalistlərin də olduğu mina təhlükəsi və minaların təmizlənməsi işləri, habelə bölgədə etimadın quruculuğu sahəsində medianın rolu barədə məlumat verib.

 

Xanım Teresa Ribeiro Azərbaycana səfəri çərçivəsində zəngin proqramın təşkilini qeyd edib. ətraflı məlumatın təqdim edilməsinə görə nazir Ceyhun Bayramova təşəkkür ifadə edib. Media azadlığının sülh və təhlükəsizliyin əsas elementi olduğunu qeyd edən nümayəndə, etimad quruculuğu tədbirləri çərçivəsində media nümayəndələrinin rolunu vurğulayıb və bu xüsusda ATƏT-in müvafiq dəstəyi göstərə biləcəyini bildirib.

 

Görüşdə tərəflər arasında dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti