No:175/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhi

Fansanın Overn-Ron-Alp (Auvergne Rhône Alpes) regionunun prezidenti Loran Vokenin (Laurent Wauquiez) Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən, o cümlədən iki ölkə sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən bu ilin 12 iyul tarixindən etibarən törədilən hərbi təxribat ilə bağlı tamamilə həqiqətə uyğun olmayan və qərəzli bəyanat ilə çıxış etməsini qətiyyətlə pisləyirik.

Qatı ermənipərəst mövqeyi ilə tanınan L.Vokenin rəhbərlik etdiyi və erməni icmasının çoxluq təşkil etdiyi Overn-Ron-Alp regionunun ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimlə 10 əməkdaşlıq xartiyasını imzalaması region prezidentinin mövqeyinin qərəzli xarakter daşıdığını aşkar şəkildə göstərir.

Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinə haqq qazandıran bu bəyanat, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin ruhuna uyğun gəlmir, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mövqeyinə ciddi zərbə vurur. Fransanın ikinci böyük regionunun prezidentinin bu kimi birtərəfli və reallıqdan uzaq mövqeyi Azərbaycan ictimaiyyətinin Minsk Qrupunun həmsədri qismində Fransanın qərəzsiz mövqeyinə inamını sarsıdır.

Bəyanat Fransanın beynəlxalq, Avropa, ikitərəfli və milli səviyyədəki öhdəliklərinə ziddir.

Azərbaycan tərəfi Fransadan Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atacağını, eləcə də Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “qurum”u təşviq edən hər hansı fəaliyyətinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görəcəyini gözləyir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti