No:170/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Fransa Respublikasının Avropa və xarici işlər naziri ilə telefon danışığına dair məlumatı
16 may 2021-ci il tarixində qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.
Nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə ediblər.
Nazir Ceyhun Bayramov uzun müddətdən sonra Ermənistan ilə sərhədlərin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyi, bu xüsusda Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyi, tərəflər arasında mövcud olan fikir ayrılığı və yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma, o cümlədən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəflə danışıqların aparılması ilə bağlı qarşı tərəfə məlumat verib.
Nazir Ceyhun Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsi və siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.
Nazirlər, həmçinin münaqişə sonrası məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıblar.