No:154/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşünə dair məlumatı

5 may 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri çərçivəsində baş tutan bu görüşdə nazirlər öncə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparıblar.

Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov mövcud səfərin iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əlverişli imkan yaratdığını qeyd etdi. Ölkələrimiz arasında mövcud olan möhkəm tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulandı.

Nazir David Zalkaliani qonaqpərvərliyə görə təşəkkürünü ifadə etdi. Gürcüstan Baş naziri ilə Azərbaycan Respublikası Prezidenti arasında olduqca məhsuldar görüşün keçirildiyini qeyd edən nazir Zalkaliani, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcəkdə dərinləşdirilməsinin əhəmiyyətini bildirdi. O, Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini qətiyyətlə vurğuladı, öz növbəsində Azərbaycanın da Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi xüsusilə qeyd etdi.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, mövcud əməkdaşlıq imkanları, dövlətlər arasında münasibətlərin normallaşdırılması üçün yaranan unikal vəziyyət, habelə üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər, Ermənistanın üçtərəfli bəyanatın həyata keçirilməsinə maneə törədən davranışı və revanşist bəyanatları, bu xüsusda Azərbaycanın mövqeyi barədə həmkarını məlumatlandırdı.

Nazirlər mövcud yeni reallıqlar fövqündə qarşılıqlı fəaliyyətin uyğunlaşdırılmasının önəmini qeyd etdilər. Tərəflər, həmçinin ikitərəfli gündəliyə daxil olan məsələlər, o cümlədən iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi apardılar.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti