news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 iyun 2018

No:152/18, Xarici işlər nazirinin müavini Ramiz Həsənov Əfqanıstan İslam Respublikası xarici işlər nazirinin müavini Nəsir Əhməd Andişanı qəbul edib

21 iyun 2018-ci il tarixində xarici işlər nazirinin müavini Ramiz Həsənov Əfqanıstan İslam Respublikası xarici işlər nazirinin müavini Nəsir Əhməd Andişanı qəbul etdi.

Azərbaycana rəsmi şəxs qismində ilk dəfə gəldiyini deyən qonaq ölkəmizə səfərindən məmnun olduğunu söyləyərək, iki xalq arasında qədim tarixi köklər və mədəni bağlılıqlar üzərində qurulan xoş münasibətlərin mövcudluğunu vurğuladı. O, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlu təcrübə ilə bilavasitə tanış olmaq və bu gün yüksək səviyyədə olan siyasi müstəvidəki münasibətlərlə yanaşı, ikitərəfli əməkdaşlığın digər sahələrdə də inkişaf etdirməsinin perspektivləri üzərində fikir mübadiləsi aparmaq niyyətində olduğunu bildirdi.

N.Ə.Andişa “Asiya qəlbi” prosesi çərçivəsində və Əfqanıstandakı sülhməramlı əməliyyatlar, eləcə də təmsil etdiyi ölkədə sabitliyinin təmin edilməsində Azərbaycanın oynadığı vacib rolu böyük məmnuniyyətlə qeyd etdi. Əfqanlı həmsöhbət onun ölkəsinin həmişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycana dəstək göstərdiyini və beynəlxalq təşkilatlarda ənənəvi əsasda bu prinsipial mövqe nümayiş etdirdiyini xüsusilə önə çəkdi.

Nazir müavini Ramiz Həsənov iki ölkə arasında dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində təmasların daimi əsasda saxlanıldığını, ümumiyyətlə siyasi sahədə münasibətlərin qarşılıqlı anlaşma şəraitində uğurla inkişaf etdiyini söylədi. Bununla yanaşı, ticari-iqtisadi, mədəni, elm və təhsil sahələrində ikitərəfli əməkdasşlıq potensialından daha geniş istifadə edilməsinin faydalı ola biləcəyindən bəhs edildi.

Həmin mənada Əfqanıstan tərəfinin diqqəti Azərbaycanın gerçəkləşdirdiyi nəhəng regional layihələrə cəlb edildi. Vurğulandı ki, 2017-ci ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Uzaq Şərq, Mərkəzi Asiya, o cümlədən Əfqanıstanı Avropa ilə birləşdirən ən qısa və münasib yoldur. Bu layihənin, əvvəl yerinə yetirilmiş Bakı-Tbilisi-Ceyhan və digər infrastruktur təşəbbüslərimiz kimi, nəinki təkcə Azərbaycan, bütün qonşu bölgələrə də böyük səmərə gətirəcəyi bildirildi.

Bu gün üçün iki dövlət arasında 11 imzalanmış sənədin mövcud olması bildirilərək, həmin normativ-hüquqi bazadan daha səmərəli şəkildə istifadə edilməsinin vacibliyi vurğulandı. Parlamentlərarası dostluq qrupları, mədəniyyət və təhsil sahəsində müvafiq qurumlar arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edildi.

Səmimi şəraitdə keçən görüşün yekunlarına dair tərəflər Azərbaycan-Əfqanıstan münasibətlərində əldə edilmiş zəminə əsasən, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müvafiq işlərin aparılacağından əminlik ifadə etmişdirlər.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti