news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 may 2019

No:135/19, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın şərhi

UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur.

Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə Qarabağ-Çelsi futbol oyunu qeyd oluna bilər. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalmışlar.

Azərbaycan, həmçinin turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətləri ilə bərabər Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti