news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 may 2018

No:125/18,BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycanın 3-cü milli məruzəsi nəzərdən keçirilib

2018-c ilin 15 may tarixində BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 30-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının 3-cü dövri məruzəsinə baxış keçirilmişdir.

UDİ prosesi BMT sistemi daxilində insan hüquqları üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin monitorinqi sahəsində ən mötəbər təcrübə hesab edilir. Beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin hər bir BMT üzvü dövlət tərəfindən icrası vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətdə tövsiyələr verilir.

Tədbirdə Azərbaycan Respublikasını Prezident cənab İlham Əliyevin sərənacmına əsasən, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Tədbirin əvvəlində nümayəndə heyətinin başçısı X. Xələfov, açılış nitqi ilə milli hesabatı təqdim etmişdir. Çıxışda, X. Xələfov, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatındakı əsasların hələ 100 il əvvəl müsəlman Şərqində ilk parlamentli respublika olan və qadınlara seçki hüququ tanıyan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulduğunu qeyd etmişdir. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan Respublikasının həmin dövrdə əsası qoyulmuş demokratik ənənələrə sadiq olduğunu bildirmişdir.

X.Xələfov, Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əsas beynəlxalq sənədlərə tərəf olduğunu və bu xüsusda, BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində əməkdaşlıq edildiyini və dövri hesabatların vaxtlı-vaxtında təqdim olunduğunu qeyd etmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin İHŞ-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd etmiş və Azərbaycan Respublikası Hökumətinin xüsusi məruzəçilərə daimi dəvət göndərməsi haqqında İşçi Qrupunu məlumatlandırmışdır.

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıran X.Xələfov, ərazilərimizin 20%-nin Ermənistanın işğalı altında olmasını insan hüquqlarının təmin olunması istiqamətində başlıca maneə qismində dəyərləndirmişdir. X.Xələfov, Ermənistanın Azərbaycana qarşı işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyona yaxın Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd etmiş və Ermənistanın davam edən təcavüzü nəticəsində ölkəmizə 818 milyard ABŞ dolları məbləğində zərər vurulduğunu əlavə etmişdir.

Xarici işlər nazirinin müavini, cari ilin aprel ayının 11-də keçirilən prezident seçkiləri haqqında, həmçinin Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsinin davam etdirilməsi, korrupsiyaya və insan alverinə qarşı mübarizə, ASAN Xidmətin fəaliyyəti, ədalət mühakiməsinin və vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

Ölkəmizdə dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi və inkişafı məqsədilə həm milli həm də beynəlxalq səviyyədə görülən tədbirlər, o cümlədən Heydər Əliyev Fondu və bu Fond tərəfindən həmin istiqamətdə dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələrlə bağlı məlumat vermişdir.

Nazir müavini, iqtisadi, sosial və mədəni sahələrdə görülən tədbirlər, o cümlədən qəbul və icra edilən dövlət proqramları, həmçinin dayanıqlı inkişaf sahəsində həyata keçirilən işlər barədə məlumat vermişdir. Eyni zamanda, o, qaçqın və məcburi köçkünlərin iqtisadi-sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən bəhs etmişdir.

Azərbaycan nümayəndə heyətinin təqdimatından sonra təşkil olunan interaktiv dialoq çərçivəsində dünyanın bütün regionlarını təmsil edən 106 BMT üzv dövlətin nümayəndələri çıxış edərək Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair münasibət bildirmiş və müvafiq tövsiyələrini səsləndirmişlər. Çıxış edənlərin böyük əksəriyyəti insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirmiş və bu təcrübənin davam etdirilməsini tövsiyə etmişlər. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması hüququnu xüsusilə işıqlandıran bir sıra dövlətlərin nümayəndələri Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirləri təqdir etmişlər. Eyni zamanda, iştirak edən dövlətlər korrupsiyaya qarşı mübarizə, xüsusilə ASAN Xidmətin fəaliyyətini, eləcə də Azərbaycanda dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirmişlər.

Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti rəhbəri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyi səsləndirən zaman Ermənistan nümayəndəsi çıxışa müdaxilə etməyə cəhd etmiş, lakin İHŞ sədri Ermənistan tərəfini belə addımlar atmaqdan çəkinməyə çağırmışdır. İHŞ-nin sədri Azərbaycan nümayəndə heyətinin öz çıxışında ölkəsi üçün vacib hesab edilən istənilən mövzunu qaldırmaqda sərbəst olduğunu Ermənistan nümayəndəsinə bildirmişdir.

Bu xüsusda, X.Xələfov, ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi və təşviqi sahəsində əsas çətinliklərin birbaşa olaraq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və bunun nəticəsində torpaqlarımızın 20%-nin Ermənistan hərbi qüvvələrinin işğalı altında olması ilə əlaqəli olduğunu bir daha nəzərə çatdırmış, Ermənistanın bu davranışını məqsədyönlü şəkildə Azərbaycanın Universal Dövri İcmal baxışının gedişatının pozulmasına cəhd kimi qiymətləndirmişdir.

Ermənistanın ərazi iddialarını yalnız Azərbaycana qarşı deyil, digər qonşu ölkələrə qarşı da yönəldiyini xatırladan X.Xələfov, hərbi ritorikadan istifadə edilməsinin yeni Ermənistan rəhbərliyi tərəfindən də davam etdirilməsinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mənfi təsir etdiyini bildirmişdir. BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş 4 qətnamənin hələ də yerinə yetirilmədiyini qeyd edən nazir müavini, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcəyini vurğulamışdır.

X.Xələfov Ermənistan hərbi-cinayətkar rejimi tərəfindən törədilmiş Xocalı soyqırımı və öz valideynlərinin qəbrini ziyarət etmək üçün işğal altında olan ərazilərimizə səfər edən Azərbaycan vətəndaşlarının erməni hərbçiləri tərəfindən girov götürülməsi məsələsini də qeyd etmiş və dünya ictimaiyyətini bu cür cinayətlərə biganə qalmamağa çağırmışdır. Ermənistanın bu cinayətlərə və təcavüzün ağır nəticələrinə görə məsuliyyət daşıdığını qeyd edən nazir müavini, Azərbaycanın öz suverenliyini bütün ərazilərində bərpa etməsi hüququnu özündə saxladığını vurğulamışdır.

İnteraktiv dialoq zamanı çıxış edən dövlətlər tərəfindən səsləndirilən sahəvi sualları Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli nümayəndələri cavablandırmışdır.

Qeyd edək ki, 17 may 2018-ci il tarixində UDİ üzrə İşçi Qrup tərəfindən Azərbaycanın 3-cü dövri məruzəsinin təqdimatı və səsləndirilən tövsiyələrin əks olunduğu hesabat qəbul ediləcəkdir.

Tədbirdən sonra X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Cenevrə Ofisinin yerləşdiyi Millətlər Sarayının qarşısında yerləşən Ariana Parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltaraşlıq abidəsini ziyarət etmişlər.








Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti