No:092/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşünə dair məlumatı
12 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.
Görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdləri, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verdi. Nazir, həmçinin bölgədə həyata keçirilən quruculuq və bərpa prosesləri bu xüsusda Aİ-nin mümkün rolundan danışdı.
Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülhün qazanılması üçün birgə çalışmağın vacibliyini qeyd etdi. Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğuladı.
Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.