No:065/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Ukrayna xarici işlər nazirinin müavini Vasil Bodnar ilə görüşü barədə məlumatı

24 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini Vasil Bodnarı qəbul edib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında, eyni zamanda çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı anlayışın mövcud olduğu qeyd olunub.

Nazir, iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafına müsbət töhfə verdiyini bildirib və bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu ildə Azərbaycana səfərini xüsusilə qeyd edib.

Nazir, həmçinin Ukrayna xarici işlər nazirinin müavininə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, bölgədə yaranmış yeni təhlükəsizlik vəziyyəti və əməkdaşlıq imkanları barədə məlumat verib.

Nazir müavini Vasil Bodnar səmimi qəbula görə təşəkkür edərək, xarici işlər naziri Dmitro Kulebanın salamlarını çatdırdı, həmçinin həmkarının nazir Ceyhun Bayramovu Ukraynaya dəvət etdiyini bildirdi.

İkitərəfli münasibətlərin inkişafı üçün böyük perspektivlərin olduğu vurğulandı, bu xüsusda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacivliyi qeyd olundu.

Görüşdə tərəflər, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən QDİƏT çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti