news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 mart 2018

No:055/18, Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mərakeş Krallığının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasir Bureytanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə nazirlər tarixən dini və mədəni köklərlə bağlı olan Azərbaycan və Mərakeş arasındasiyasi dialoqun və dostluğun inkişafından razılıqlarını ifadə etdilər. Təməli ümummilli Lider Heydər Əliyev və Mərakeş Kralı II Həsən tərəfindən qoyulan ikitərəfli dostluq münasibətlərinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyi xüsusilə qeyd olundu.

Ölkəmizdə olmasından məmnunluğunu bildirən Mərakeşin xarici işlər naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirdi.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edən tərəflər səfər çərçivəsində Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclasının keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına əsaslıtəkan verəcəyinə inam ifadə etdilər. Nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının vacibliyini vurğuladılar və enerji, kənd-təsərrüfatı, turizm, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd etdilər.

Habelə, iki ölkə arasında mütəmadi olaraq xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin və diplomatik akademiyalar arasında tələbə-müəllim mübadiləsininaparılmasının vacibliyi qeyd olundu.

Azərbaycan və Mərakeş arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən razılıq ifadə edən tərəflər hər iki ölkədə keçiriləcək Mədəniyyət günlərinin xalqlarımız arasında dostluq əlaqələrinin gücləndirilməsinə və qarşılıqlı turizm axınına töhfə verəcəyinə əminliklərini vurğuladılar.

Tərəflər beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi apardılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxundular. Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etdiyini qeyd etdi. O həmçinin, həmkarına bu ilin aprelində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı nazirlər toplantısı haqqında məlumat verdi. Eyni zamanda Azərbaycan və Mərakeşin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoq prosesinə və qarşılıqlı anlaşmaya yaxından töhfə verdiyi vurğulandı.

Görüş əsnasında nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına və İslam dininə aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verdi. Həmçinin, nazir Məmmədyarov Mərakeş Krallığının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair yaradılmış İƏT Kontakt Qrupuna daxil olmasına və ölkəmizin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ədalətli mövqeyini dəstəkləməsinə görə minnətdarlığını bildirdi.

Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində nazirlər “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın birinci iclasının Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Dəmir Yolları” QSC ilə Mərakeş Milli Dəmiryolları arasında Niyyət Protokolu” və ”Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Dənizçilik Araşdırmaları üzrə Mərakeş Ali İnstitutu arasında Niyyət Protokolu” adlı sazişləri imzaladılar.

Daha sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.



Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti