news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 mart 2015

Girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin qurama “apelyasiya prosesi”nin başa çatmasına dair Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhləri

Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin qurama “apelyasiya prosesi”nin başa çatması barəsində məlumat verilib.
 
Ermənistan tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində təşkil olunmuş “məhkəmə prosesi”nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia edilən “qərar”lar da heç bir hüquqi mahiyyət kəsb edə bilməz.
 
Qondarma məhkəmə prosesi vasitəsilə öz üzərinə düşən məsuliyyəti gizlətməyə çalışan Ermənistan tərəfi anlamalıdır ki, Cenevrə Konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, mülki şəxslərin girov götürülməsi qadağandır.  
 
Dilqəm Əsgərov və Şahbaz Quliyevi ən qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama məhkəmə prosesi vasitəsilə onları eləcə də mənəvi və psixoloji işgəncələrə məruz qoyur. 
 
Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir.
 
Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir.
 
Ermənistan silahlı qüvvələri tərəfindən girov görürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə təmaslar davam etdiriləcəkdir.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti