news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 oktyabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysini qəbul edib.

Görüşdə səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyana salamlarının çatdırılmasını xahiş edərək ölkələrimiz arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğuladı. Nazir BMT və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində BƏƏ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar daim nümayiş etdirdiyi ədalətli mövqeyinin və iki ölkə arasında çoxtərəfli formatlarda qarşılıqlı dəstəyin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı. O, iki ölkə arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadiyyat, ticarət, turizm, sərmayələr və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirdi. Turizm sahəsində əməkdaşlığın təşviq edilməsi üçün qarşılıqlı şəkildə viza sisteminin sadələşdirilməsi istiqamətində iş aparıldığını qeyd etdi.

Səfir ölkəsinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyanın ən səmimi salamları və xoş arzularını çatdırdı. İki ölkə arasında siyasi dialoqun və mütəmadi əsasda aparılan siyasi məsləhətləşmələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin təqdirəlayiq hal olduğunu dedi. O, fəaliyyəti dövründə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin, turist axınının artırılması və sərmayələrin təşviq edilməsi üçün səylərini əsirgəməyəciyini diqqətə çatdırdı.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulandı.

Nazir Elmar Məmmədyarov səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysiyə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti