news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 dekabr 2015

Bəzi internet mediasında yayılan böhtan xarakterli məlumatlarla əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhləri

“Haqqın.az” və digər bu kimi internet mediası tərəfindən Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərin fəaliyyətinə əlahiddə maraq göstərilir. İnanmaq istərdim ki, bu cənab Prezident tərəfindən müəyyənləşdirilən və Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən ölkəmizin uğurlu xarici siyasəti ilə bağlıdır.

Amma təəssüf ki, bir çox hallarda göstərilən bu “maraq” şəxsi qərəz, böhtan, qarayaxma və hətta jurnalist etikasından kənar təhqir halları ilə müşayiət olunur. “Haqqın.az” internet portalında Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş konsulluğunda guya yanğının baş verməsi və maliyyə sənədlərinin yandırılması haqqında verilmiş məlumat da bu sıradan olaraq, həqiqətdən tamamilə kənardır.

Bildiyiniz kimi, bütün dövlət orqanlarında, o cümlədən diplomatik nümayəndəliklərdə kargüzarlıq Azərbaycan Respublikası Prezidentinın müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq aparılmalıdır.

Müvəqqəti saxlama müddəti başa çatmış sənədlərin məhvi ilə əlaqədar təlimatda deyilir: “Təşkilatda olan sənədlər qanunvericiliklə müəyyən edilmiş müvəqqəti saxlanma müddəti başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilir. Arxivə təhvil verilməli olmayan sənədlər ekspertiza komissiyasının qərarı ilə və təşkilat rəhbərinin təsdiq etdiyi akt üzrə məhv edilir”.

Baş Konsulluqda da həmin təlimata uyğun olaraq, arxivə təhvil verilməli olmayan, müvəqqəti saxlanma müddəti bitmiş, kifayət qədər böyük yer tutan və maliyyə sənədi olmayan sənədlər müvafiq akt tərtib edilməklə məhv edilmişdir.

Ölkəmizdə təmin olunmuş ifadə ve mətbuat azadlığı sui istifadə olunmamalı, peşəkar jurnalizm prinsiplərinə uyğun olaraq məlumat verilməmişdən əvvəl yoxlanılmalıdır. Daha bir misal, bundan bir qədər əvvəl Azərbaycanın Livandakı səfirliyinin ünvanı haqqında da yanlış məlumat verilmişdir. “Yellow pages” kimi mənbədən götürülən məlumat sanki həqiqət kimi təqdim olunurdu.

Bir daha qeyd etmək istərdik ki, hər hansı bir materialın hazırlanması zamanı özünə hörmət edən və özünü peşəkar adlandıran jurnalist ciddi mənbələrə müraciət etməli və ehtiyac duyularsa, məlumatı XİN ilə dəqiqləşdirməlidir.

Azərbaycan jurnalistikasının şərəfli adına xələl gətirən böhtan və təhqir kimi elementlərə son qoyulmalıdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti