news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 yanvar 2015

Aşqabadda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Raşid Meredov və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun sayca ikinci üçtərəfli görüşü keçirilib

29 yanvar 2015-ci il tarixində Aşqabadda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Raşid Meredov və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun sayca ikinci üçtərəfli görüşü keçirilib.

Görüş zamanı tərəflər hər üç ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirdilər. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsi ilə bağlı razılıq əldə olundu.
 
Görüşdə tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi apardılar. Bu sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə tərəflər işçi görüşlər səviyyəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd etdilər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələndirmə məsələləri ətrafında müzakirələr aparıldı. 
 
Görüş zamanı çıxış edən nazir Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin regionda nəqliyyat infrastrukturunun daha da inkişafı baxımından əhəmiyyətini vurğuladı. Nazir Elmar Məmmədyarov təhsil sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edərək,  ADA Universitetinin rektoru Hafiz Paşayevin bu görüşlərdə iştirakının müsbət hal olduğunu diqqətə çatdırdı.
 
Dünyada cərəyan edən hadisələrin fonunda bu formatda üçtərəfli görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayan nazir Elmar Məmmədyarov bunun  Azərbaycan, Türkmənistan və Türkiyə əlaqələrinin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini söylədi.
 
Görüşün sonunda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün nəticələrinə dair Birgə Bəyanat imzalandi.
 
 
 
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti