news banner image Desktop news banner image Mobile
Press release 30 April 2014

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Xəzəryanı Dövlətlərin Xarici İşlər Nazirlərinin Konfransında çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Xəzəryanı Dövlətlərin Xarici İşlər Nazirlərinin Konfransında çıxışı

Həştərxan, 29 aprel 2014-cü il

Hörmətli Sədr,

Hörmətli həmkarlar,

Hörmətli Konfrans iştirakçıları,

Xanımlar və cənablar,

İlk öncə, icazə verin Konfrans iştirakçılarını salamlayım və Rusiya Federasiyası Hökumətinə Xəzərin hüquqi statusu ilə bağlı məsələlərin hərtərəfli həlli üzrə konstruktiv fikir mübadiləsinin davamı üçün mühüm əhəmiyyət kəsb edən bu tədbirin təşkil olunmasına görə dərin minnətdarlığımı bildirim.

Xəzəryanı dövlətlərin Bakıda keçirilmiş sammitindən dörd il keçmişdir və əməkdaşlığın sonrakı istiqamətlərinin müəyyən olunması üçün növbəti yüksək səviyyədə görüşün təşkil olunması zərurəti yaranmışdır.

Payızda Həştərxanda keçirilməsi nəzərdə tutulan xəzəryanı dövlətlərin başçılarının zirvə toplantısının dolğun gündəliyinin hazırlanması və yekun sənədlərinin qəbul olunması Xəzər probleminin başlıca prinsiplərinin razılaşdırılması üzrə əsaslı irəliləyişə təkan verəcək və xəzəryanı dövlətlərin əməkdaşlığı üçün mövcud bazanı gücləndirəcəkdir. 

Bu xüsusda xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqda Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun məhsuldar işini, həmçinin dövlət başçılarının Həştərxan sammitinin yekun sənədinin razılaşdırılması üzrə bu qrupun səylərini xüsusi olaraq qeyd etmək istərdim.

Hörmətli cənab Sədr,
Hörmətli Konfrans iştirakçıları,

Xəzər regionu dövlətlərinin əməkdaşlığının hüquqi bazasının möhkəmləndirilməsi məqsədilə əsaslı işlər görülmüşdür. Hal-hazırda Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında Saziş razılaşdırılaraq, imzalanma üçün hazırdır. Bununla yanaşı, Xəzər dənizində fövqəladə halların xəbərdarlığı və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş razılaşdırılmışdır. 

Həmçinin Xəzər dənizinin bioloji resurslarının qorunması və düzgün istifadə olunması haqda Sazişin son razılaşdırılması üzrə ekspertlərin işi davam edir. Şübhəsiz ki, nərə balığının tutulmasına moratoriumun qoyulması Xəzərin unikal dəyərlərinin qorunması və gələcək nəslə ötürülməsi üçün şərait yaradacaqdır. 

2010-cu ilin 18 noyabr tarixində Bakı şəhərində imzalanmış Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Sazişin xəzəryanı dövlətlər tərəfindən ratifikasiyanın sona çatdırılması tərəflərin bu sahədə sıx əməkdaşlığına yeni təkan verəcəkdir.

Hörmətli cənab Sədr,
Hörmətli Konfrans iştirakçıları,

Azərbaycan Respublikası sahilyanı dövlətlərin Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində ilə bağlı ümumi narahatlığını bölüşür. 

Xəzər dənizinin ətraf mühiti üzrə Çərçivə Konvensiyası və onun Protokolu çərçivəsində görülmüş işləri yüksək qiymətləndiririk. 2015-ci ilin yanvar ayından etibarən ilk Tərəflərdən olaraq, Katibliyi qəbul edəcək Azərbaycan onun sonrakı uğurlu fəaliyyəti üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin ətraf mühitin mühafizəsinə aid müddəalarının tam şəkildə razılaşdırıldığını məmnuniyyətlə qeyd etmək istərdik.

Beynəlxalq əməkdaşlığın gücləndirilməsi, enerji resurslarının istismarı və beynəlxalq bazarlara nəqli üçün investisiya mühitinin yaxşılaşdırılması, təhlükəsiz və etibarlı rabitə yaratmaq və yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyaların cəlb olunması sahilyanı dövlətlər üçün prioritet olaraq qalır.

Nəqliyyat dəhlizlərinin mühüm hissəsi olaraq Xəzər dənizi bir çox beynəlxalq və regional layihələrdə əlaqələndirici rol oynayır. Qara dəniz və Aralıq dənizi ilə Xəzər dənizini birləşdirən, xüsusilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi Xəzər regionu ölkələrinin inkişafına və rifahına və dünya enerji təhlükəsizliyinə xidmət edir. 

Hörmətli cənab Sədr,
Hörmətli konfrans iştirakçıları,

Regional sabitlik, təhlükəsizlik və Xəzər dənizində iqtisadi və elmi-tədqiqat fəaliyyətinə dair tərəflər arasındakı qarşılıqlı etimadın vacibliyini xüsusilə vurğulayırıq. 

Biz, tərəflərin Xəzər dənizindəki silahlı qüvvələrinin mövcudluğu və hərbi fəaliyyətlərin aparılmasını bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik prinsipi əsasında həyata keçirilməsi anlayışından çıxış edirik. Bu region dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və Xəzər dənizinin dostluq, əməkdaşlıq və mehriban qonşuluq dənizinə çevrilməsinə xidmət edə bilər. 

Qitədaxili xəzəryanı dövlətlərin Xəzər dənizi vasitəsilə digər dəniz və dünya okeanına azad tranzitinin vacibliyini qeyd edirik.

Ticarət gəmiçiliyi rejimi, digər suveren tərəflərin nəzarəti altında olan zonalardan gəmilərin keçidi hüququ, Xəzər dənizinin dibi ilə naqillərin və boru kəmərlərinin çəkilməsi, həmçinin dənizdə elmi-tədqiqatların aparılması məsələlərinin beynəlxalq dəniz hüququnun normalarına müvafiq olaraq, danışıqlar prosesi çərçivəsində həll ediləcəyini ümid edirik. 

Biz Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin delimitasiyası ilə bağlı Xəzər dənizinin hüquqi statusunun ayrılmaz hissəsi olan və ümumi razılaşmanın əldə olunması üçün əsas sayılan imzalanmış sazişə mühüm əhəmiyyət veririk.

Heç bir şübhə yoxdur ki, investisiya mühitinin yaxşılaşdırılması, enerji resurslarının mənimsənilməsi, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, eləcə də Xəzər dənizi regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsinə dair region ölkələrinin ümumi maraqları bütün açıq məsələlər üzrə bizdən əlavə səylərin göstərilməsini tələb edir. Bununla bərabər, əminik ki, beynəlxalq praktikanın tətbiq edilməsi ilə çıxış xətlərinin müəyyən olunmasına dair konsensus ümumi razılaşmanın əldə edilməsinə kömək göstərə bilər. 

Azərbaycan, Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət, qarşılıqlı faydalı tərəfdaşlıq, sülh vasitələri və danışıqlar prosesi ilə əməkdaşlığa dair bütün məsələlər, eləcə də in Xəzər dənizinin hüquqi statusuna münasibətdə öhdəliklərini bir daha təsdiqləyir.

Sonda icazə verin bir daha Həştərxan Sammitinin uğurla təşkil olunmasına və qarşımızda duran mühüm məsələlərin yekun həllinin tapılması üçün Xəzəryanı dövlətlərin mövqelərinin gələcəkdə daha da yaxınlaşmasına zəmin yaradacaq Konfransın təşkili üçün Rusiya tərəfinə öz minnətdarlığımızı bildirək.

Diqqətinizə görə təşəkkür edirəm.

Share this page

All rights reserved. Contact us to use any licensed material.
Privacy Policy