news banner image Desktop news banner image Mobile
Press release 28 June 2011

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 38-ci sessiyasında çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 38-ci sessiyasında çıxışı

Astana, 27-28 iyun 2011-ci il

Hörmətli cənab Sədr,

Hörmətli cənab Baş Katib,

Zati-aliləri, xanımlar və cənablar,

Mən şəxsən Prezident Nursultan Nazarbayevə, Qazaxıstan Respublikasının hökumətinə və dost xalqına səmimi qonaqpərvərliyinə və Xarici İşlər Nazirlərinin 38-ci sessiyasının gözəl təşkilinə görə öz təşəkkürümü bildirirəm. Xarici İşlər Nazirlərinin sədrliyini öz üzərinizə götürməyinizdə sizi təbrik etmək mənim üçün böyük şərəfdir və əminəm ki, sizin sədrliyiniz müddətində biz qarşıda duran məqsədlərə nail olacağıq.

Eyni zamanda mən hal-hazırki İKT-nin Tacikistan sədrinə Təşkilatı bacarıqlı idarə etdiyinə və sədrliyi müddətində gözəl işlər gördüyünə görə öz minnətdarlığımı bildirirəm. Mənim ehtiram sözlərim həmçinin İKT-nin Baş Katibi Prof. Ekmeleddin İhsanoğluna və bizim Təşkilatın gündəlik fəaliyyətində göstərdiyi professionalizmə görə onun yüksək sədaqətli komandasına da aiddir.

Zati-aliləri,

Xanımlar və Cənablar,

Bu il bütün dünyada çox hissəsi İslam dünyasına təsir edən əhəmiyyətli siyasi proseslərlə və dramatik hadisələrlə səciyyəvi idi. Çoxsaylı çağırışlar və təhdidlərlə üzləşən bir sıra İKT üzv ölkələrinin hazırki vəziyyəti bizdə dərin narahatçılıq doğurur. Xüsusən də biz bəzi qardaş Ərəb ölkələrində baş verən siyasi hadisələrdən narahatıq, lakin biz inanırıq ki, Ərəb xalqının bütün bu çağırışları dəf etmək üçün kifayət qədər siyasi iradəsi və müdrikliyi vardır. Biz həmçinin İKT formatı daxilində, o cümlədən ən yüksək səviyyədə, bu proseslərin müzakirələrinin vacibliyinə inanırıq. Biz bu təhdidlərə cavab verməkdən çəkinməməliyik və daha çox görüşlər keçirməliyik.

Biz Fələstində olan vəziyyətdən narahatıq. Azərbaycan bir daha qardaş Fələstin xalqına onların sülh, stabillik və paytaxtı Qüds şəhəri olmaqla müstəqil Fələstin dövləti yaratmaq səylərini dəstəklədiyini bildiririk. Biz Fələstin xalqının ehtiyaclarının təmin edilməsində bizim təşkilatı birləşdirdiyi üçün İKT-nin baş katibinin və onun heyətinin işini yüksək qiymətləndiririk.

Mən Kəşmir mübahisəsinin həlli üçün edilən cəhdləri dəstəklədiyimi və Kiprli türklərin hələ də davam edən ədalətsiz təcridindən narahat olduğumu bildirmək istərdim.

Azərbaycan həm də İraq, Əfqanıstan, Sudan, Somali dövlətlərinin və digər İKT-yə üzv ölkələrin bu ölkələrdə sülh, təhlükəsizlik, və stabilliyin bərpasına dair etdiyi cəhdləri dəstəkləyir.

Milyonlarla Müsəlmanlara ağır emosional və psixoloji zərbə vurmuş İslamafobiya təəssüf ki, dünyanın bir sıra ölkələrində qalxmaqdadır. Yaxın illərdə bəzi ölkələrdə dözülməzliyə, ayrı seçkiliyə və İslama qarşı hücumlarla bağlı ciddi faktlar sübut edir ki, dini böhtanın və dinə nifrətin qızışdırılmasına qarşı mübarizə aparmaq lazımdır. Söz azadlığı bəhanəsiylə dinə qarşı atılan böhtan ayrı seçkiliyin və dözülməzliyin yeni və müasir formasıdır. Sivil cəmiyyətlər olaraq, biz öz azadlığımızı ehtiyatla və beynəlxalq normalarla qəbul olunmuş parametrlər çərçivəsində həyata keçirməliyik. Biz İKT-nin bütün dinlərə qarşı böhtanın qarşısının alınmasında zəruri beynəlxalq çərçivənin yaradılması imkanlarını axtarmaq cəhdlərini ciddi dəstəkləyirik.

Hörmətli Sədr,

Mən həmçinin İslam Dünyasına və İKT-nin Baş Katibinə Azərbaycanın iyirmi faiz ərazisinin Ermənistanın işğalı altında qalması ilə nəticələnən, Ermənistan ilə davam edən silahlı münaqişədə, Azərbaycana göstərdikləri güclü dəstəyə görə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim. Təxminən bir milyon azərbaycanlı öz torpaqlarından etnik təmizləmə nəticəsində qovulmuş və həmçinin İslam irsindən olan minlərlə Azərbaycan mədəni və tarixi abidələri məhv edilmiş və talan olunmuşdur.

Azərbaycan Dövləti beynəlxalq hüququn norma və prinsiplərinə, müvafiq BMT Təhlükəsizlik Şurasının və İKT qətnamələrinin yerinə yetirilməsinə və həmçinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və Avropa Parlamenti tərəfindən qəbul edilmiş müvafiq sənədlərə və qərarlara hörmətlə əsaslanaraq uzadılmış bu konfliktin sülh yolu ilə tənzimlənməsinə sadiq qalmaqdadır.

Bütün bu sənədlər yekdilliklə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistana mənim ölkəmin işğal edilmiş torpaqlarından qoşunlarını geri çəkmək, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasına dair güclü çağırışlardan ibarətdir.

Zati-aliləri,

Bildiyiniz kimi, BMT Baş Assembleyasının 2011-ci ildə 66-cı sessiyasinda keçirilmiş seçkilərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü il müddəti üçün qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürmüşdür.

İslam dünyasının Təhlükəsizlik Şurasında təmsil olunması vacibliyi anlayışından irəli gələrək, biz İKT üzv Dövlətlərin Azərbaycanın namizədliyinə verəcəyi daimi dəstəyə inanırıq. Azərbaycan Şərqi Avropa Dövlətləri Qrupundan BMT Təhlükəsizlik Şurasına namizəd olan ölkələr arasında yeganə ölkədir ki, Avropa İttifaqının üzvü deyildir və heç bir siyasi və ya hərbi ittifaqa mənsub deyildir. Biz Qoşulmama Hərəkatının tam hüquqlu üzvüyük və BMT Nizamnaməsinin prinsip və məqsədlərinə tam əsaslanaraq müstəqil xarici siyasət yürüdürük.

Mən əziz həmkar və qardaşlarımızdan bu oktyabr Nyu-yorkda BMT Təhlükəsizlik Şurasına keçiriləcək seçki zamanı Azərbaycanın namizədliyinə dəstək verməyi və BMT-dəki hörmətli səfirlərinizə müvafiq təlimatlar verilməsini xahiş edirəm.

Təşəkkürlər.

Share this page

All rights reserved. Contact us to use any licensed material.
Privacy Policy