news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 iyun 2021

No:226/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença arasında keçirilmiş görüşə dair məlumatı

2021-ci ilin 18 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov “Antalya Diplomatiya Forumu” çərçivəsində BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.

Görüşdə BMT ilə Azərbaycan arasındakı əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edildi.

Görüş zamanı nazir post münaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, minaların təmizlənməsi, üçtərəfli bəyanatların icrası haqqında qarşı tərəfə ətraflı məlumat verdi.

O, hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı və bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlar vurğulanıb.

Nazir üçtərəfli bəyanatın icrası ilə əlaqədar tərəfimizdən atılmış humanitar addımlar, habelə regionda iqtisadi və nəqliyyat bağlantılarının açılmasının önəmini vurğuladı.

Qarşı tərəf Azərbaycan ilə BMT arasında müsbət əməkdaşlıq təcrübəsinin olduğunu və bu əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd etdi.

Daha sonra, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən Miroslav Yença, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə etdi. O, həmçinin sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibliyini vurğuladı.

Görüş zamanı tərəflər, habelə Azərbaycanla BMT tərəfdaşlığı və potensial əməkdaşlıq sahələri üzrə ümumi fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti