Fəaliyyət haqqında məlumat

Azərbaycanda könüllülük hərəkatı

 

Ümumi məlumat

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli gənclər siyasətinin mühüm tərkib hissələrindən biri kimi könüllülər hərəkatı bu gün bir çox Azərbaycan gəncini vahid platformada birləşdirir. Könüllülük fəaliyyəti gənclərə vətənpərvərlik, xeyirxahlıq, dövlətçiliyə bağlılığı Azərbaycan gənclərinə aşılayır.

Azərbaycan könüllüləri bir sıra əhəmiyyətli layihələrin təşkilində, o cümlədən Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunlarının təşkilində aktiv iştirakları ilə fərqləniblər. Könüllülük fəaliyyətinin dövlət qurumlarında təşviqi nəticəsində ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qruplarının əsası qoyulub.

Bu gün cəmiyyətimizin inkişafına töhfə vermək məqsədilə minlərlə gənc könüllülük fəaliyyəti ilə məşğul olur. Müxtəlif sahələr üzrə, o cümlədən siyasi, iqtisadi, sosial, mədəni, idman, ekoloji və digər sahələrdə özlərini sınayan könüllülər, öz şəxsi inkişaflarına töhfə verməklə yanaşı, həm də ölkəmizin ictimai həyatında aktiv inkişaf etmək şansı qazanırlar.

 

Hüquqi baza

Azərbaycanda könüllülük fəaliyyətinin qurulması 828-IIIQ nömrəli, 9 iyun 2009-cu il tarixli “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sözügedən Qanun könüllü fəaliyyətin istiqamətləri, təşkilatçıları və iştirakçılarının hüquq və vəzifələrini və bu sahədə beynəlxalq əlaqələri təsbit edir.

 

Dövlət qurumlarında könüllülük

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 fevral 2019-cu il tarixində Azərbaycan Gəncləri Gününə həsr olunmuş toplantıda dövlət qurumları və özəl təşkilatların fəaliyyətinə könüllülərin cəlb olunması istiqamətində tapşırıq verməsi Azərbaycanda könüllü fəaliyyətini təşviq edən qurumların sayının artmasında mühüm rol oynadı. Bu xüsusda, məhz həmin ildə "Miqrasiya Könüllüsü" İctimai Birliyi, Turizm Könüllüləri Təşkilatı, "Nəqliyyat Könüllüləri" proqramı, “Ekokönüllülər” qrupu, “Könüllü Gömrükçü” dəstəsi, o cümlədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində “Diplomatiya Könüllüləri” qrupu yaradıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edildi.

 

“Diplomatiya Könüllüləri” qrupu: təsisatı və fəaliyyəti

 

1 iyun 2019-cu il tarixində təsis edilən “Diplomatiya Könüllüləri” qrupu özündə xarici siyasət sahəsi üzrə təhsil alan tələbələr, o cümlədən məzunları birləşdirir. Diplomatiya könüllülərinin fəaliyyətinin əsas məqsədi gənclərin nəzəri və praktiki biliklərinin artırılmasına töhfə verilməsidir. Bu xüsusda, könüllülər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) təşkil etdiyi, habelə təşkilində iştirak etdiyi tədbirlərə, o cümlədən XİN-in struktur bölmələrində təcrübəyə cəlb olunurlar.

Könüllü fəaliyyətin müddəti 6 ay olaraq nəzərdə tutulub. 6 aylıq könüllülük proqramı çərçivəsində könüllü sıralarına cəlb olunmuş gənclərin XİN-in strukturu ilə tanışlığının təmin edilməsi, onlara iş prosesində lazım ola biləcək məlumatların verilməsi, habelə fəaliyyətlərində lazımi praktiki bacarıqların aşılanması məqsədilə təlimlərə, daha sonra isə könüllülərin müxtəlif tədbirlərin təşkilinə, o cümlədən XİN-in struktur bölmələrində təcrübəyə cəlb olunması nəzərdə tutulur. Təcrübənin yekununda könüllülərə fəaliyyətləri haqqında rəylər təqdim olunur.

 

Qəbul prosesi

 

XİN-də könüllü fəaliyyətə qoşulma ilə bağlı elan ildə bir dəfə XİN-in rəsmi internet səhifəsində yerləşdirilir. Müraciət etmək istəyən şəxslər sözügedən elan yerləşdirildikdə XİN-in internet səhifəsində yaradılmış xüsusi sistem vasitəsilə qeydiyyatdan keçib müraciət edə bilərlər. Müraciət mərhələsini uğurla başa vurmuş namizədlər müsahibə mərhələsinə dəvət olunur. Daha sonra müraciətçilərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması ilə bağlı müsahibələr keçirilir. Müsahibə mərhələsinin nəticələrinin namizədlərə elan olunmasından sonra “Diplomatiya Könüllüləri” qrupuna üzv qəbul edilən könüllülərlə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllü fəaliyyətin təşkilatçısı və iştirakçılarının hüquq və vəzifələrini təsbit edən müqavilə bağlanır.



All rights reserved. Contact us to use any licensed material.
Privacy Policy