Xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç ilə görüşüb.
Nazirlər iki ölkə arasında siyasi münasibətlərin səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə etdilər.
Neboyşa Stefanoviç ölkəsinin bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini diqqətə çatdırdı.
Görüşdə Azərbaycan və Serbiya arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olundu. Tərəflər terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edərək, hər iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinin zəruriliyinə toxundular.
Nazir Elmar Məmmədyarov Serbiya şirkətlərinin Azərbaycanda və Azərbaycan şirkətlərinin Serbiyadakı fəaliyyətinə toxundu, əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğuladı. O, ümid etdiyini bildirdi ki, bu səfər ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni və turizm sahəsində əməkdaşlığa töhfə verəcəkdir.
Neboyşa Stefanoviç ölkəsinin turizm, xüsusən də müalicə-sağlamlıq imkanlarından söz açdı və Azərbaycan şirkətlərini bu sahəyə sərmayə qoymağa dəvət etdi.
Görüş zamanı həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.