Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikası Prezidentinin Misirin BMT Təhlükəsizlik Şurasına namizədliyi məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikası Prezidentinin Misirin BMT Təhlükəsizlik Şurasına namizədliyi məsələləri üzrə xüsusi nümayəndəsi səfir Məhəmməd Əlahəddin Ali Şouki Əl-Hədidini qəbul edib.
Qonaq Misir Prezidenti Əbdülfəttah Əl-Sisinin ən səmimi salamları və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.
Görüşdə Azərbaycan və Misir arasında ikitərəfli əlaqələrin inkişafının məmnunluq doğurduğu qeyd olundu. İqtisadi-ticarət əlaqələrinin və turizm sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı şəkildə səylərin artırılmasının vacibliyi vurğulandı.
Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Misir arasında əməkdaşlıq və qarşılıqlı dəstəyin ölkələrimiz arasındakı ənənəvi dostluğun təcəssümü olduğu bildirildi.
Səfir Məhəmməd Əlahəddin Ali Şouki Əl-Hədidi Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırdı.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yerinə seçildiyi təqdirdə, terrorizmə və onun ideoloji aspektlərinə qarşı mübarizənin Misirin əsas prioritetlərindən biri olacağını vurğuladı. Əl-Əzhərin təcrübəsində Misirin ənənəvi mötədil İslam mədəniyyətinə malik olduğunu bildirdi.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu nəzərə çatdırdı. Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal və təcavüzü pərdələmək üçün münaqişəyə dini çalarlar verməkdən belə çəkinmədiyini deyən nazir Elmar Məmmədyarov Azərbaycanın nümunəvi multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq təcrübəsinin olduğunu qeyd etdi. Mötədil İslam mədəniyyətinə malik ölkələr kimi Azərbaycan və Misirin İslamafobiya meyllərinə qarşı mübarizəsinin vacibliyini bildirdi.
BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü olduğu dövrdə terrorizmə qarşı mübarizənin Azərbaycanın da prioritetlərindən biri olduğunu deyən Elmar Məmmədyarov Azərbaycanın terrorizmdən əziyyət çəkən dövlət olduğunu və Ermənistan tərəfindən Azərbaycanın nəqliyyat infrastrukturunda və digər ictimai yerlərdə 30-dan artıq müxtəlif terror aktlarının törədildiyini və minlərlə günahsız insanın bu terror aktlarının qurbanı olduğunu vurğuladı.
Elmar Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman BMT TŞ və İslam Əməkdaşlıq Təşkilatının ilk birgə iclasının keçirilməsinin təşəbbüskarı olduğunu xatırladaraq, bu mexanizmin davam etdirilməsinin əhəmiyyətli olduğunu dedi.
Nazir BMT Təhlükəsizlik Şurasına seçkilərdə Misirə uğurlar arzu etdi.