Xarici işlər naziri Elmar Məmmədyarov Los Ancelesdə yerləşən Sinay sinaqoqunun ravvini Deyvid Volpenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfesiyaların tarixən dinc yanaşı yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirdi.
Elmar Məmmədyarov Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin nümunəvi xarakter daşıdığını deyərək, ölkəmizin milli təcrübə əsasında mədəniyyətlər və dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə ardıcıl siyasət yürütdüyünü və mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğuladı.
Nazir Elmar Məmmədyarov qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında məlumat verərək, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı yürütdüyü etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və etnik nifrət siyasəti haqqında danışdı. Bu siyasətin nəticəsi olaraq, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində öz tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qaldıqlarını nəzərə çatdırdı.
O, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı törətdiyi işğala son qoymalı və Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bir daha vurğuladı.
Azərbaycana səfərlərindən məmnunluq ifadə edən qonaqlar Bakı ilə yanaşı, Quba şəhərinə və Qırmızı qəsəbəyə səfərləri, orada yerli yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğı ilə tanış olduqları haqqında danışaraq, Azərbaycanın əldə etdiyi iqtisadi və sosial inkişafın yalnız paytaxt deyil, regionları da əhatə etməsinin canlı şahidi olduqlarını və bunun təqdirəlayiq hal olduğunu qeyd etdilər.
Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyətini diqqətə çəkərək, dövlət siyasətinin tərkib hissəsi kimi bu ənənələrin daha da inkişaf etdirilməsində Azərbaycan Respublikası hökumətinin xüsusi rolunu qeyd etdilər.
Görüş əsnasında nazir Elmar Məmmədyarov qonaqların Azərbaycan-ABŞ əlaqələri, regional və qlobal məsələlər haqqında suallarını cavablandırdı.