news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 yanvar 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Los Ancelesdə yerləşən Simon Visental Mərkəzinin nümayəndəsi ravvin Abraham Kuperi qəbul edib

Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda yəhudi icmasının əsrlər boyu müxtəlif dini konfesiyaların nümayəndələri ilə dinc yanaşı yaşadığını bildirərək, ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırdı. O, Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyətinə malik olduğunu qeyd edərək, multikulturalizm və tolerantlığın Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğuladı və ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırdı.

Ravvin Abraham Kuper ölkəmizlə ilk tanışlığının 1972-ci ilə təsadüf etdiyini bildirərək, Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu ifadə etdi. O, ötən dövr ərzində ölkəmizin sürətli inkişafa nail olduğunu qeyd edərək, Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin nümunəvi xarakter daşıdığını vurğuladı. Ravvin Abraham Kuper ölkəmizdə dini azadlığın yüksək səviyyədə təmin olunmasını, Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılmasını yüksək qiymətləndirərək bu barədə ABŞ və eləcə də dünya ictimaiyyətinin məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırdı.

Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti