Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimizin rəhbərləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.
Azərbaycan Respublikası və İran İslam Respublikasının regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfələri vurğulandı.
Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid doğurduğu qeyd olunaraq, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğu diqqətə çatdırıldı.
Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyi qeyd olundu.
4-5 mart tarixlərində Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin Bakıda keçiriləcək iclasının əhəmiyyəti vurğulandı.
İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ilə də görüşdü.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, elm-mədəniyyət, nəqliyyat və enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olundu.