news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 oktyabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Sanjay Rananı qəbul edib.

Görüşdə səfir Sanjay Rana etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov 2013-cü ildə Hindistana rəsmi səfərini xatırlayaraq, iki ölkə arasında enerji, ticarət, turizm, informasiya və kommunikasiya texnologiyaları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırdı. Nazir həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini, münaqişənin həlli üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirdi. 

Səfir Sanjay Rana Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirdi. O, enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, Hindistan şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiklərini və işgüzar dairələrin qarşılıqlı səfərləri və biznes forumlar vasitəsilə iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün səylərini əsirgəməyəciyini diqqətə çatdırdı.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyi vurğulandı.

Nazir Elmar Məmmədyarov səfir Sanjay Ranaya diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti