Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, iki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü bildirdi. Həmçinin iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırdı.
Ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən Levan İzoria Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirdi. Strateji tərəfdaşlıq və dostluğumuzun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğuladı.
Nazir həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əsasda hərbi sahədə əməkdaşlığına toxunaraq, bu formatda nazirlər səviyyəsində tezliklə 5-ci görüşün keçiriləcəyini diqqətə çatdırdı.
Görüşdə nazirlər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ciddi riayət olunmasının zəruriliyini qeyd etdilər. Həmçinin, tərəflər Azərbaycan və Gürcüstanın qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsini və hər iki ölkənin üzləşdiyi münaqişələrin məhz bu prinsiplər əsasında həll edilməsininə dair mövqelərini yükəsk qiymətləndirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.