news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 aprel 2016

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Hembrikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Nazir Elmar Məmmədyarov ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və ABŞ-da keçirdiyi görüşlər haqqında danışaraq, səfərin Azərbaycan və ABŞ arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə inamını ifadə etdi.

Nazir dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rolunu qeyd etdi.

Elmar Məmmədyarov Azərbaycanın ABŞ-in yerli ştatları ilə də əlaqələrin inkişafına böyük önəm verdiyini bildirərək, bu baxımdan Nevada ştatı ilə iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırdı.

Səmimi qəbul üçün minnətdarlığını bildirən ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Hembrik ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, başçılıq etdiyi Nevada Ştat Assambleyasının da Azərbaycanla iqtisadi-ticari sahədə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirərək, bu baxımdan Assambleya üzvlərindən və iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli ola biləcəyini diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti