“Diplomatiya Aləmi” jurnalının Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar xüsusi buraxılışı çapdan çıxıb
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin “Diplomatiya Aləmi” jurnalının “Xocalı soyqırımı: 26 fevral 1992-ci ildə Xocalıda törədilmiş cinayətin pislənilməsinə dair rəsmi sənədlər” adı xüsusi buraxılışı çapdan çıxıb.
Xüsusi buraxılışın “Xocalıda cinayət: cinayəti törədənlər və beynəlxalq hüquqi məsuliyyət” adlanan giriş hissədə Xocalı soyqırımının törədilməsinə görə Ermənistan Respublikası və onun siyasi-hərbi rəhbərliyində olan şəxslərin beynəlxalq hüquqi məsuliyyəti təhlil və izah edilib. Ermənistanın beynəlxalq humanitar hüququ və insan hüquqlarına aid fundamental sənədləri kobud şəkildə pozaraq, Xocalıda soyqırım, insanlıq əleyhinə cinayət və hərbi cinayətlər törətməsi dair əsaslandırılmış beynəlxalq hüquqi dəlillər təqdim olunub.
Buraxılışın ümumi hissəsində isə aparılmış fəaliyyət nəticəsində Xocalı soyqırımını tanıyan və pisləyən 11 ölkənin (Bosniya və Herseqovina, Çex Respublikası, İordaniya, Pakistan, Kolumbiya, Qvatemala, Honduras, Panama, Peru, Sudan və Meksika), İslam Əməkdaşlıq Təşkilatının və eləcə də ABŞ-ın 18 ştatının qəbul etdiyi rəsmi sənədlər təqdim edilib.
Xüsusi buraxılışın Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə beynəlxalq təşkilatlara, digər dövlətlərin rəsmi və ictimai dairələrində geniş şəkildə yayılması nəzərdə tutulub.
Xüsusi buraxılışın elektron versiyası bu link-dən əldə edilə bilər.