news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 dekabr 2015

Belqrad şəhərində GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşü keçirilib

3 dekabr 2015-ci il tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Nazirlər Şurasının 22-ci toplantısı çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşü keçirilib.

Görüş zamanı “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” başlıqlı BMT Baş Assambleyasının qətnaməsinin mətn layihəsi barəsində müzakirələr aparılıb.

Həmçinin görüş çərçivəsində GUAM-Yaponiya Əməkdaşlıq Proqramı imzalanıb. Proqramda GUAM-Yaponiya əməkdaşlığının perspektiv inkişafı, Yaponiyanın GUAM regional əməkdaşlığına daha yaxından cəlb olunması, praktik əməkdaşlıq üçün proqram və layihələrin inkişafı və icra edilməsi kimi məsələlər qeyd olunub.

Proqramda eləcə də BMT Nizamnaməsi, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində sülh və təhlükəsizliyin qorunması naminə beynəlxalq və regional münasibətlərin cari problemləri üzrə məsləhətləşmələrin keçirilməsi yeni əməkdaşlıq məqsədləri kimi təsbit olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti