news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 noyabr 2023

No:675/23, “Diplomatiya Aləmi” jurnalının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışına dair mətbuat məlumatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunan “Diplomatiya Aləmi” jurnalının 59-cu xüsusi buraxılışı işıq üzü görüb.

 

2002-ci ildən etibarən nəşr edilən jurnalın sözügedən xüsusi buraxılışı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı ilə başlayan xüsusi buraxılışda həmçinin, ölkəmizin bir sıra dövlət rəsmilərinin, o cümlədən xarici işlər naziri Ceyhun Bayramov, ədliyyə naziri Fikrət Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş birinci vitse-prezidenti, mərhum Xoşbəxt Yusifzadə, Milli Məclisin üzvü Musa Qasımlı, habelə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərlinin (İmanov) məqalələri dərc olunub.

 

Xüsusi buraxılışda, həmçinin xarici ölkələrin bir sıra dövlət xadimlərinin, o cümlədən Moldovanın keçmiş Prezidenti Petru Luçinski, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının son xarici işlər naziri Budimir Lonçar, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Qazaxıstanın xalq yazıçısı Oljas Süleymenov, ölkəmizin ABŞ-ın Nyu-Meksiko ştatındakı keçmiş fəxri konsulu Art Makhaffi və digər şəxslərin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrinin əks olunduğu müsahibə, məqalə və çıxışlar öz əksini tapıb.

 

Jurnalın sonunda, cari ilin 5-6 iyul tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı qəbul olunmuş xatirə bəyannaməsi dərc edilib.

 

“Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti