No:637/23, Nazir Ceyhun Bayramovun Serbiyanın Baş naziri Ana Brnabiç ilə görüşünə dair mətbuat məlumatı

7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Baş nazir Ana Brnabiç ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan və Serbiya arasında ikitərəfli strateji münasibətləri, çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyini, habelə regional və beynəlxalq vəziyyəti müzakirə ediblər.

Görüşdə iki ölkə arasında qarşılıqlı anlaşma və beynəlxalq hüquq normalarına sadiqlik və dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyə əsaslanan ənənəvi dostluq münasibətlərinin və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Müntəzəm siyasi dialoqun və reallaşdırılan qarşılıqlı səfərlərin mövcud yüksək səviyyəli siyasi münasibətlərə mühüm töhfə verdiyi vurğulanıb.

Görüşdə ötən il Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin, habelə Strateji Tərəfdaşlıq Şurasının yaradılmasının 1 illiyinin qeyd olunduğu xatırlanıb. Mövcud strateji tərəfdaşlıqdan irəli gələn məsələlərin, xüsusilə investisiyalar, iqtisadi, ticarət, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və enerji sahələrində münasibətlərin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Görüşdə, habelə iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti